Bakı, 26 may, ARHD.AZ


“İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” adlı beynəlxalq konfrans çərçivəsində “Fərqli kontekstlərdə islamofobiya: Regional perspektivlər” mövzusunda panel sessiyası təşkil edilib.

ARHD.AZ xəbər verir ki, Səudiyyə Ərəbistanının İran Araşdırmaları Beynəlxalq İnstitutunun rəhbəri Məhəmməd Əl Sulaminin moderatorluğu ilə keçirilən panel sessiyada islamofobiyanın tarixi və müasir təzahür formaları, onun siyasi, dini və ictimai təsirləri müzakirə edilib.

İclasda çıxış edən “Multi-Faith Neighbours Network”un həmtəsisçisi, “Institute for Global Engagement”in prezidenti Bob Roberts deyib ki, islamofobiya təkcə müsəlmanlar üçün deyil, həm də xristianlar üçün zərərlidir, çünki bu, insanların inancını sarsıdır. Onun sözlərinə görə, hazırda bəşəriyyət hər 80-100 ildən bir yaşanan tarixi dönüş nöqtələrindən birindədir: “Dünyada mədəni, sosial və siyasi baxımdan ciddi problemlərlə qarşı-qarşıyayıq. Bu da islamofobiya məsələsini daha da dərinləşdirir”.

Vatikanın Dinlərarası Dialoq Dikasteriyasının Dini Münasibətlər Komissiyasının sabiq katibi Xəlid Akaşeh qeyd edib ki, bu gün biz islamofobiyaya qarşı mübarizə aparırıq, qərəzi ifşa etməyə çalışırıq. Müsəlmanlarla dialoqa daim açıq olduqlarını deyən Xəlid Akaşeh bildirib: “Müsəlman dostlarımız bizə daim sevgi və diqqətlə yanaşıblar. Bu tədbirin təşkilatçılarına təşəkkür edirəm. Biz üzərimizə düşən vəzifəni layiqincə yerinə yetirməyə hazırıq”.

O qeyd edib ki, insanlar arasında qarşılıqlı etimad çox vacibdir. Qərəzli yanaşmalar nəticəsində insanlar cəmiyyətdən təcrid olunur, hüquqlarından məhrum edilirlər. Biz müsəlmanlarla birgə, çiyin-çiyinə bu təhlükəyə qarşı mübarizəyə hazırıq.

“İslamofobiya yalnız müsəlmanlara deyil, bütün insanlığa qarşı yönəlmiş təhlükədir. Bu, dünyada əmin-amanlığın pozulmasına səbəb olur”, - deyə Xəlid Akaşeh vurğulayıb.

Milli Məclisin deputatı Tural Gəncəliyevin fikrincə, dünyanın müxtəlif bölgələrində islamofobiyanı təbliğ edən şəxslərin fəaliyyəti ciddi narahatlıq doğurur. Xüsusilə Avropada və digər Qərb ölkələrində cəmiyyətlərə, yerli əhaliyə İslama və müsəlmanlara qarşı tədricən nifrət aşılamağa yönəlmiş meyillərin artdığını müşahidə edirik. İslamofobiya müsəlmanlara qarşı yönəlmiş qərəz və nifrət formasıdır.

T.Gəncəliyev bildirib ki, müsəlmanları hədəfə alan mənfi emosional və koqnitiv reaksiyalar son dövrlərdə daha da artıb. İslamofobiya ilə irqçilik arasında sıx əlaqənin mövcud olduğunu deyən deputat əlavə edib: “Əfsuslar olsun ki, Avropada ifrat sağçı siyasi hərəkatların fəallığını müşahidə edirik. Onlar irqçilik zəminində insanlara hücum etmək üçün islamofob cərəyanlardan da istifadə edirlər”.

Birləşmiş Ərəb Əmirliklərinin İnsan Qardaşlığının Ali Komitəsinin müşaviri Herizal Həzrin sözlərinə görə, bir araya gələrək birgə yaşayışın əhəmiyyətini və onun bəşəriyyət üçün nə qədər vacib olduğunu müzakirə etmək çox önəmlidir.

“Bu, sadəcə mənəvi arqument deyil, hazırda yaşadığımız və mövcud olan sistematik problemdir. Bu səbəbdən ona qarşı mübarizə də sistemli olmalıdır. Biz bilirik ki, birgəyaşayışı təbliğ etmək təkcə mənəvi prinsiplərlə məhdudlaşmamalıdır. Bununla yanaşı, elmi yanaşmamız da olmalıdır. Çünki birgəyaşayış bəşəriyyətin sağ qalması üçün vacibdir”, - deyə müşavir qeyd edib.

Fransız və Ərəb Dilçilik və Etimoloji Araşdırmalar Cəmiyyətinin prezidenti, Orient XXI Qrupunun rəhbəri Roland Laffitte çıxış edərək deyib ki, islamofobiya termini bəzi dairələrdə çaşqınlıqla qarşılanır, çünki tənqid və nifrət arasındakı hüquqi fərq bilərəkdən nəzərdən qaçırılır. O qeyd edib ki, əslində, islamofobiya yalnız dinə deyil, müsəlmanlara və İslam mədəniyyətinə qarşı nifrəti də əhatə edir. Bu isə statistikada və gündəlik həyatda müşahidə olunan ayrı-seçkiliklərlə təsdiqlənir.

Misir Xarici İşlər Nazirliyinin təqaüddə olan səfiri Badurrahman Slahəddin isə bildirib ki, dini dialoq maarifləndirici olsa da, birgəyaşayış üçün ən ideal üsul deyil. Onun fikrincə, mədəniyyət əsas körpü rolunu oynamalı və digər dinlərin nümayəndələrinə qarşı təhqiramiz ifadələrdən imtina edilməlidir.

Panel sessiyası mövzu ətrafında müzakirələrlə davam etdirilib.

Baxış sayı: 3 509

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə