Cakarta, 27 may, ARHD.AZ
Azərbaycanın İndoneziyadakı səfirliyi Cakartada 28 May-Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil edib.
ARHD.AZ xəbər verir ki, tədbirdə İndoneziya Xalq Məşvərət Məclisinin (parlament) sədr müavini Hidayət Nur Vahid, digər dövlət və hökumət rəsmiləri, ictimai-siyasi, işgüzar, elmi, mədəni dairələrin nümayəndələri, Cakartadakı diplomatik missiyaların rəhbərləri, beynəlxalq təşkilatların təmsilçiləri, Azərbaycan diasporunun fəalları iştirak ediblər.
Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin həyatına, Azərbaycanın, o cümlədən Qarabağın tarixi-mədəni irsinə dair fotosərgi ilə tanış olublar.
Azərbaycanın və İndoneziyanın Dövlət himnləri səsləndikdən sonra Azərbaycanın 1918-ci il mayın 28-dən başlayan müstəqillik tarixinə və ölkəmizin müasir inkişafına, turizm potensialına dair vidoeçarxlar nümayiş olunub.
Səfir Ramil Rzayev müsəlman dünyasında ilk dünyəvi demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu qısa müddətdə əsasını qoyduğu demokratik idarəçilik, gender bərabərliyi və suverenlik dəyərlərinin bu gün də milli kimliyimizi formalaşdırdığını diqqətə çatdırıb. Bildirib ki, 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan üzləşdiyi ciddi çətinlikləri Ulu Öndər Heydər Əliyevin uzaqgörən liderliyi və strateji siyasəti nəticəsində dəf edib. Prezident İlham Əliyev həmin siyasi kursu uğurla davam etdirməsi sayəsində Azərbaycanın sürətli inkişaf təmin olunub, ölkəmizin beynəlxalq nüfuzu artıb. Azərbaycan hazırda regional və qlobal məsələlərdə etibarlı və təşəbbüskar tərəfdaş kimi çıxış edir.
Diplomat Azərbaycanın Vətən müharibəsində qazandığı şanlı Zəfər sayəsində ərazi bütövlüyünü bərpa etməsindən, işğaldan azad edilən ərazilərdə aparılan bərpa və yenidənqurma işlərindən söz açıb.
Azərbaycan-İndoneziya münasibətlərindən söz açan səfir R.Rzayev bildirib ki, 1992-ci ildə diplomatik münasibətlər qurulduqdan sonra əlaqələr sabit şəkildə inkişaf edib. “Biz İndoneziyanın Azərbaycanın ərazi bütövlüyünə, o cümlədən post-münaqişə dövründəki reinteqrasiya prosesinə verdiyi qəti dəstəyi yüksək qiymətləndiririk”, - deyən diplomat əlavə edib ki, ölkələrimiz BMT, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı kimi mühüm beynəlxalq platformalarda birgə fəaliyyət göstərir. Bu cür möhkəm təməl iqtisadi əməkdaşlığımızın daha da genişləndirilməsi üçün böyük potensial yaradır. Bildirib ki, Qarabağ və Şərqi Zəngəzur bölgələrində müasir sənaye parkları, aqroparklar və “ağıllı kəndlər”in inkişafı İndoneziya şirkətləri üçün geniş imkanlar yaradır.
İndoneziyanın Enerji və Mineral Ehtiyatlar Nazirliyinin idarə rəisi Prahoro Yulıcanto Nurtcahyo İndoneziya hökuməti adından Azərbaycan xalqını təbrik edib. Bildirib ki, iki ölkə arasında diplomatik münasibətlər qurulandan bəri qarşılıqlı hörmət və ortaq istəklərə əsaslanan tərəfdaşlıq qurulub.
“Azərbaycanın əhəmiyyətli liderliyi və neft-qaz sahəsindəki təcrübəsi onu İndoneziya üçün enerji təhlükəsizliyinin gücləndirilməsində və davamlı enerji keçidimizin inkişafında strateji tərəfdaş edib”, - deyən İndoneziya rəsmisi əlavə edib ki, ölkəsi Azərbaycanı təkcə təcrübə və texnologiyaya görə deyil, həm də enerji sabitliyinin və diversifikasiyasının təmin edilməsində tərəfdaş kimi qiymətləndirir.
Prahoro Yulıcanto Nurtcahyo “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı çərçivəsində indoneziyalı tələbələrin Azərbaycanda tibb, mühəndislik, kompüter elmləri və biznes kimi sahələrdə təhsil aldıqlarını, bu cür əməkdaşlığın xalqlar arasında dostluğu möhkəmləndirdiyini bildirib, Azərbaycan incəsənətinin, musiqisinin və mətbəxinin İndoneziyada hərarətlə qəbul edildiyini deyib.
Rəsmi qəbul ziyafətlə davam edib.