Bakı, 26 may, ARHD.AZ
Azərbaycanda multikulturalizm təkcə rəsmi konsepsiya deyil, həm də real həyatın bir parçasıdır. Dinindən, milliyyətindən asılı olmayaraq hər bir insan cəmiyyətin ayrılmaz hissəsi kimi qəbul olunur. Bu model təkcə regionda deyil, bütün dünyada təqdirəlayiq nümunə ola bilər.
ARHD.AZ xəbər verir ki, bunu İƏT Xəbər Agentlikləri Birliyinin Media müşaviri və məsləhətçisi Alzubir Al-Ansari “İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” adlı beynəlxalq konfrans çərçivəsində təşkil edilən “İslamofobiya media və rəqəmsal məkanlarda: Süni intellekt sistemləri islamofob qərəzi necə yaya və gücləndirə bilər” mövzulu panel iclasda deyib.
O qeyd edib ki, Fransada bunun tam əksi müşahidə edilir. Orada islamofobiya təkcə sosial münasibətlər səviyyəsində deyil, həm də siyasi ritorikada və qərar qəbuletmə proseslərində özünü göstərir. Bu ideologiyanın artmasının əsas səbəblərindən biri, bəzi dairələrin islamofobiyadan siyasi alət kimi istifadə etməsidir. Populist siyasətçilər müsəlman azlıqların hədəfə alınması ilə ictimai narazılığı yönləndirməyə və seçici dəstəyini qazanmağa çalışırlar.
“Biz inanırıq ki, dini və mədəni müxtəliflik zəiflik deyil, cəmiyyətin güc mənbəyidir. Sülh və qarşılıqlı hörmət əsasında qurulan birgəyaşayış mümkündür və davamlı inkişaf üçün əsasdır”, - deyə Alzubir Al-Ansari əlavə edib.