Bakı, 13 may, ARHD.AZ
COP29 zamanı iqlim dəyişikliyi ilə mübarizə üçün maliyyə vəsaitlərinin səfərbər olunması və bu vəsaitlərə çıxış imkanlarının artırılması mühüm əhəmiyyət daşıyır.
ARHD.AZ xəbər verir ki, bu barədə Gürcüstanın ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri David Sonqulaşvili Bakıda keçirilən “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri çərçivəsində keçirilən “Təbiət naminə ölkələri səfərbər edən kənd təsərrüfatı” konfransında deyib.
“COP29-da qəbul edilən qərarlar yeni investisiya imkanlarının və ticarət əlaqələrinin formalaşmasına şərait yaradır ki, bu da ölkələr üçün əlavə imkanlar açır. Məhz bu iki əsas istiqamət – maliyyə resurslarının səfərbər olması və yeni investisiya imkanlarının yaradılması COP29-un ən böyük uğurlarından biri olub. Azərbaycanın bu təşəbbüsü dünya üçün əhəmiyyətli nəticələr verib”, - deyə gürcüstanlı nazir qeyd edib.
Nazir Bakıda keçirilən Beynəlxalq Kənd Təsərrüfatı sərgisindən danışaraq qeyd edib ki, belə tədbirlər özəl sektora öz məhsullarını təqdim etmək, yeni müqavilələr imzalamaq imkanı yaradır və ölkələr arasında ikitərəfli ticarətin artmasına töhfə verir: “Nəticədə bu, ölkələr arasında əməkdaşlığın daha da güclənməsi üçün əsas baza rolunu oynayır”.