Bakı, 24 mart, ARHD.AZ
® 1-ci Milli Maliyə Əlçatanlığı Forumunda 300-dən çox sahibkar və şirkət rəhbəri iştirak edib
“Caspian Energy Club” və Azərbaycan Milli Biznes Assosiasiyasının birgə təşkilatçılığı, Bakı Fond Birjasının rəsmi tərəfdaşlığı və “Paşa Bank”ın qızıl sponsorluğu ilə 1-ci Milli Maliyyə Əlçatanlığı Forumu keçirilib.
Bu barədə “Caspian Energy Club”ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev məlumat verib.
Tədbir, maliyyə sahəsindəki yenilikləri və çağdaş inkişafı müzakirə etmək üçün əvəzsiz bir platforma rolunu oynayıb. 1-ci Milli Maliyyə Əlçatanlığı Forumunun əsas məqsədi Azərbaycanda maliyyə xidmətlərinin əlçatanlığını artırmaq, innovativ maliyyə alətlərinin tətbiqini təşviq etmək və dayanıqlı inkişafın təmin edilməsi üçün vacib olan yaşıl maliyyə və ESG (Ətraf Mühit, Sosial və İdarəetmə) standartlarını ətraflı şəkildə müzakirə etmək olub. Eyni zamanda, qadın sahibkarların maliyyələşdirilməsi, kiçik və orta sahibkarlığa dəstək mexanizmləri və startaplar üçün dəstək proqramlarının inkişaf etdirilməsi məsələləri geniş müzakirə edilib.
Forumun açılış nitqləri "Caspian Energy Club"ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev, Azərbaycan Respublikası Mərkəzi Bankının baş direktoru Fuad İsayev, Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Azərbaycandakı rəhbəri Natali Muravidze, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyəti sədrinin müavini Rəşad Xalıqov, Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyəti sədrinin müavini Eldar Həmidov, PAŞA Bankın Kreditləşmə, İnnovasiya və xidmətlərin optimizasiyası üzrə sahə lideri Ceyhun Baloğlanov tərəfindən səsləndirilib.
Forumda geniş müzakirə olunan və iştirakçıların böyük marağına səbəb olan əsas mövzular sırasında maliyyə xidmətlərinin əlçatanlığının artırılması, innovativ maliyyə alətlərinin iqtisadiyyata inteqrasiyası, dayanıqlı inkişafı təmin edən yaşıl maliyyə və milli ESG standartlarının tətbiqi, qadın sahibkarların maliyyələşdirilməsi, kiçik və orta sahibkarlığa dəstək mexanizmləri, “StartUp”ların və İT layihələrinin inkişafına yönəlik təşviq proqramları, eləcə də maliyyə institutları və beynəlxalq strukturlar tərəfindən təklif olunan maliyyə mexanizmlərindən səmərəli istifadə məsələləri yer alıb.
Tədbir haqqında fikirlərini bölüşən Telman Əliyevin sözlərinə görə, bu forum yalnız maliyyə sahəsindəki ən son yeniliklərin paylaşılması ilə kifayətlənməyib, həm də dövlət və özəl sektor nümayəndələri üçün strateji əməkdaşlıq və fikir mübadiləsi aparmaq baxımından unikal bir platforma rolunu oynayıb. Bununla yanaşı, müxtəlif sektorlar arasında tərəfdaşlıq imkanlarının genişlənməsinə və qarşılıqlı faydalı əlaqələrin qurulmasına şərait yaradıb.
Telman Əliyev, həmçinin qeyd edib ki, bu, Azərbaycanda keçirilən ilk maliyyə forumlarından biri olmaqla, bir çox yeni imkanlar və perspektivlər açıb. Telman Əliyev əlavə edib ki, forumun əsas məqsədi yalnız maliyyə xidmətlərinin əlçatanlığını artırmaqla məhdudlaşmır, eyni zamanda sosial və ətraf mühitə dost maliyyə həllərinin təşviq edilməsinə yönəlib. "Bu cür təşəbbüslər iqtisadiyyatın dayanıqlı inkişafına və gələcək nəsillər üçün daha əlverişli mühitin formalaşdırılmasına töhfə verir", – deyə o vurğulayıb.
“Sahibkarların marağını və mövzuların aktuallığını nəzərə alaraq, forumun xüsusi sessiyalarını il ərzində Azərbaycanın müxtəlif regionlarında keçirəcəyik. İlk mərhələdə Naxçıvan, Biləsuvar, Şamaxı və Gəncədə təşkil olunacaq sessiyalar regionların spesifik ehtiyaclarına uyğun daha effektiv olacaq”, — 1-ci Milli Maliyyə Əlçatanlığı Forumunun Təşkilat Komitəsinin sədri Günel Quliyeva bildirib.
Onun sözlərinə görə, bu tədbirlərə beynəlxalq maliyyə institutları və dövlət qurumlarının nümayəndələri cəlb ediləcək. Onlar sahibkarlara maliyyələşdirmə mexanizmləri, subsidiyalar və qrantlar barədə praktiki məlumat verəcəklər.
“Məqsədimiz maliyyə resurslarına çıxışı genişləndirmək, sahibkarları praktiki həllərlə tanış etmək və onların maliyyə dayanıqlığını artırmaqdır”, — o, əlavə edib.
“Caspian Energy Club” dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən dinamik və inkişaf edən regional təşkilatdır. Biznes-hökumət dialoqunun fəal iştirakçısı olan “Caspian Energy Club”ın əsas məqsədi Azərbaycanda və fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir. Biznes-networking üçün beynəlxalq platforma olan “Caspian Energy Club” mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. “Caspian Energy Club”ın dəstəyi ilə “Caspian Energy İnternational Media Group” fəaliyyət göstərir və 30-dan çox elektron, çap və onlayn yerli və beynəlxalq media resurslarını idarə edir. “Caspian Energy İnternational Media Group”un fəaliyətinin flaqmanı olan “Caspian Energy” jurnalı dünyanın 70-dən çox ölkəsində yayımlanır. Mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club”ın əsas fəaliyyəti Mərkəzi Dəhliz ölkələrini və Xəzər-Qara Dəniz və Baltikyanı ölkələrini əhatə edir. “Caspian Energy Club”ın həmçinin dünyanın 63 şəhərində rəsmi nümayəndəlikləri və səlahiyyətli nümayəndələri mövcuddur. “Caspian Energy Club International” 2023-cü ildə “Caspian Energy Club”ın beynəlxalq layihələrini idarə etmək məqsədi ilə yaradılmışdır. 5 il ərzində “Caspian Energy Club International” dünyanın 100 ölkəsində “Caspian Energy Club”ın fiziki ofislərini açmağı planlaşdırır. “Caspian Energy Club International”ın əsas funksiyalarından biri, klubun fəaliyyətinin müxtəlif ölkələrdə idarə edilməsi və “Caspian Energy Club” qrupuna daxil olan bütün xarici ofislər və şirkətlər üçün rəqəmsal iqtisadiyyat, yaşıl energetika, yaşıl maliyyə, rəqəmsal transformasiya, yaşıl və innovativ texnologiyaların tətbiqi sahələrində layihələrin lobbiləşdirilməsi və təşviqi üzrə vahid strateji planın formalaşdırılmasıdır.