
Bakı, 28 aprel, ARHD.AZ
Prezident Məsud Pezeşkianın Azərbaycana səfəri iki ölkə arasındakı əlaqələrin inkişafı, o cümlədən iqtisadi baxımdan tərəflər üçün çox faydalıdır.
ARHD.AZ xəbər verir ki, bu sözləri İran İslam Şurası Məclisinin (parlamentin) Milli təhlükəsizlik və xarici siyasət komitəsinin üzvü Əbülfəz Zöhrəvənd İRNA xəbər agentliyinə açıqlamasında deyib.
“Prezidentin səfəri zamanı Azərbaycan ilə əlaqələrin əməli şəkildə inkişaf etdirilməsi gündəmdə olacaq. Bu səfər iqtisadiyyatın və qarşılıqlı ticarətin inkişafı baxımından hər iki dövlətə fayda qazandıra bilər”, - deyən İran parlamentinin nümayəndəsi qeyd edib ki, qarşılıqlı əməkdaşlıq kənar qüvvələrin regiona müdaxiləsinin qarşısını almaqla yanaşı, qlobal xarakter daşıyan iqtisadi layihələrin həyata keçirilməsini şərtləndirir.
Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin əhəmiyyətini nəzərə çatdıran Ə.Zöhrəvənd bildirib: “Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi strateji əhəmiyyət daşıyan layihədir. Bu dəhliz İran ilə Azərbaycanın iqtisadiyyatının inkişafına yeni imkanlar yaradaraq, qarşılıqlı ticarətin də inkişafına təkan verəcək, gəlirləri artıracaq, əhalinin məşğulluğunu təmin edəcək”.
Azərbaycan ilə İranın bir sıra beynəlxalq platformalarda əməkdaşlıq etdiyini xatırladan İran parlamentinin üzvü vurğulayıb ki, hər iki xalq ortaq mədəniyyətə, tarixə və dinə malikdir, bunlar da xalqların və dövlətlərin yaxınlaşması üçün böyük zəmin yaradıb.
Ə.Zöhrəvənd Xəzər dənizində ekoloji mühitin qorunması istiqamətində də İran ilə Azərbaycanın əməkdaşlığını zəruri hesab edib.