
Bakı, 28 aprel, ARHD.AZ
Qlobal Cənub QHT Forumu əməkdaşlığın gücləndirilməsinə töhfə verəcək. Biz xalqlarımız arasında əməkdaşlığı artırmalıyıq.
ARHD.AZ xəbər verir ki, bu sözləri Ekvadorun keçmiş xarici işlər naziri və UNITAR-in prezidenti Luis Gallegos aprelin 28-də Bakıda keçirilən “Həmrəy fəaliyyət: yeni və ədalətli dünya üçün Qlobal Cənub QHT-lərinin gücləndirilməsi” adlı Forumda çıxışı zamanı səsləndirib.
Cənub-Cənub arasında əməkdaşlığa xüsusilə ehtiyac olduğunu deyən L.Gallegos qeyd edib ki, dünya hər gün yeni çağırışlarla üzləşir və biz yeni pandemiyalara hazır olmalıyıq. Pandemiyalar istənilən dövlətə təsir edir və hər bir insan buna diqqət etməlidir. Pandemiyanın təsirləri nəzərə alınmalı və qarşısını almaq üçün qlobal səviyyədə tədbirlər görülməlidir. Qarşılaşdığımız problemləri dialoq yolu ilə həll etməyə çalışmalıyıq. Biz bütün dünya cəmiyyətlərini çağırmalıyıq ki, məsuliyyətlərini bölüşsünlər və birgə qərarlar qəbul etsinlər.
Luis Gallegos çıxışında vurğulayıb ki, hazırda dünyada 60-dan çox silahlı münaqişə cərəyan edir və bu münaqişələr BMT üzv dövlətlərinin üçdə ikisinə təsir edir. Sülh, ədalət və rifahın təmin olunması cəmiyyətlər üçün mühüm hədəf olmalıdır.