
Bakı, 25 aprel, ARHD.AZ
Hazırda Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası (TÜBİTAK) olaraq kosmosda 3 layihəmiz icra mərhələsindədir. Əsas məqsədimiz Türkiyəni xarici innovasiyalar mərkəzinə çevirməkdir.
ARHD.AZ xəbər verir ki, bunu Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasının (TÜBİTAK) direktor müavini Bülent Avenoğlu Bakıda keçirilən Kosmik Texnologiyalar Konfransının (STC2025) panel sessiyasında çıxışında səsləndirib.
“Hazırda Türkiyədə xarici ekosistemin sağlam şəkildə davamlı inkişafını təmin etməyə çalışırıq. Böyükmiqyaslı peyk layihələri və böyük sistemləri yaratmaq üçün bu çox vacibdir. TÜBİTAK artıq beynəlxalq missiyalara açıq bir platformaya çevrilib. Biz kosmik agentliklər və elmi missiyalarla əməkdaşlığa daima hazırıq”, - deyə Bülent Avenoğlu vurğulayıb.
Hazırda Yer kürəsi ətrafında 10 minə yaxın süni peykin dövr etdiyini qeyd edən B.Avenoğlu peyklərin müxtəlif məqsədlər üçün istifadə edildiyini əlavə edib: “Hazırda TÜBİTAK olaraq astronomların və elmi missiyaların kosmosa göndərilməsi layihələrini davam etdiririk. Türkiyənin Ay missiyası üçün hazırlanmış layihələrimiz də davam edir”.