Almaniya: Xristian Birlik bloku və SPD koalision hökuməti qurmaq üçün razılığa gəlib

Berlin, 9 aprel, ARHD.AZ



Almaniya: Xristian Birlik bloku və SPD koalision hökuməti qurmaq üçün razılığa gəlib


Almaniyada fevralın 23-də keçirilmiş növbədənkənar federal seçkilərin qalibi olan Xristian Birlik bloku (CDU/CSU) ilə Sosial Demokratlar Partiyası (SPD) koalision hökuməti formalaşdırmaq barədə razılığa gəlib.

ARHD.AZ xəbər verir ki, bu barədə Xristian Demokratlar İttifaqının (CDU) sədri Fridrix Merts, Xristian Sosialistlər İttifaqının sədri (CSU) Markus Söder, SPD-nin həmsədrləri Lars Klinqbayl və Saskia Eskenin aprelin 9-da keçirdikləri birgə mətbuat konfransında məlumat verilib.

Razılaşmaya əsasən, CDU 6, CSU 3, SPD isə 7 nazirlikdə yer alacaq. CDU-nun lideri Fridrix Mertsin Kansler olacağı hökumətdə vitse-kansler vəzifəsini SPD təmsilçisi icra edəcək.

Kansler Ofisi, İqtisadiyyat və Energetika Nazirliyi, Xarici İşlər Nazirliyi, Təhsil, Ailə, Yaşlılar, Qadınlar və Gənclər Nazirliyi, Səhiyyə Nazirliyi, Nəqliyyat Nazirliyi, Rəqəmsallaşma və Dövlət Modernləşdirilməsi Nazirliyinə CDU-dan nazirlər təyin olunacaq.

SPD Maliyyə Nazirliyi, Ədliyyə və İstehlakçıların Hüquqlarının Müdafiəsi Nazirliyi, Əmək və Sosial Müdafiə Nazirliyi, Müdafiə Nazirliyi, Ətraf Mühit, İqlim Dəyişikliyi, Təbiətin Mühafizəsi və Nüvə Təhlükəsizliyi Nazirliyi, İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi, Yaşayış, Şəhərsalma və Tikinti Nazirliyinə rəhbərlik edəcək.

CSU isə Daxili İşlər, eləcə də Tədqiqat, Texnologiya və Kosmos, həmçinin Qidalanma, Kənd Təsərrüfatı və Regionların İnkişafı nazirliklərinə təyinatları həyata keçirəcək.

İqtisadiyyatın inkişafı, miqrasiya siyasətinin sərtləşdirilməsi və sosial təminat sistemində ciddi dəyişikliklər koalisiya razılaşmasında mühüm yer tutur. İqtisadiyyat və vergi sahəsində qarşıdakı dörd ildə şirkətlər üçün yeni amortizasiya imkanları yaradılacaq. 2028-ci ildən başlayaraq, korporativ gəlir vergisi beş il ərzində hər il bir faiz azalacaq. Əvvəllər tətbiq edilmiş həmrəylik vergisi isə qüvvədə qalacaq.

Hökumət həm şirkətləri, həm də istehlakçıları elektrik enerjisi vergisinin azaldılması yolu ilə dəstəkləməyi planlaşdırır. Enerji baxımından yüksək sərfiyyatlı sənaye müəssisələri üçün ayrıca sənaye elektrik tarifi tətbiq olunacaq. Ümumilikdə elektrik enerjisi vergisi Avropa İttifaqının minimum həddinə qədər azaldılacaq, əlavə haqlar və şəbəkə ödənişləri isə aşağı salınacaq.

Aşağı və orta gəlirli şəxslər üçün gəlir vergisinin azaldılması da koalisiyanın planları sırasındadır. Bu dəyişikliklərin qanunvericilik dövrünün ortasında (təxminən iki il sonra) həyata keçirilməsi nəzərdə tutulur.

İşə getmək üçün xərclərə tətbiq olunan vergi güzəşti 2026-cı ildən etibarən ilk kilometrdən başlayaraq 38 sent səviyyəsində daimi olaraq qüvvədə qalacaq. Maliyyə nizam-intizamını qorumaq məqsədilə borclanma məhdudiyyətinə dair bu ilin sonunadək qanun qəbul olunacaq və bu istiqamətdə müstəqil ekspert komissiyası fəaliyyət göstərəcək.

Razılaşmaya əsasən, hazırkı sosial yardım sistemi ləğv olunacaq. Yeni sistemə əsasən, işsiz şəxslər məşğulluq üçün səy göstərməlidirlər. Əmək qabiliyyətinə malik şəxslər münasib iş təkliflərini bir neçə dəfə qəbul etməzlərsə, onlara verilən sosial yardımlar dayandırıla bilər.

Miqrasiya sahəsində “geriqaytarma təşəbbüsü” barədə razılıq əldə olunub. Hökumətin könüllü qəbul proqramları “mümkün qədər” dayandırılacaq. Həmçinin əvvəlki hökumətin tətbiq etdiyi və Almaniyada üç il yaşamaqla vətəndaşlıq almağa imkan verən proqram da ləğv olunacaq. Bundan başqa, sığınacaq üçün ölkəyə müraciət etmiş şəxslərə ailə üzvlərini Almaniyaya gətirmək icazəsi iki il ərzində verilməyəcək. Ailə birləşməsi yalnız xüsusi hallarda mümkün olacaq.

Qeyd edək ki, koalisiya müqaviləsi partiyadaxili səsvermələr nəticəsində qüvvəyə mindikdən sonra CDU lideri Fridrix Merts Kansler vəzifəsini Olaf Şoltsdan təhvil alacaq.

Baxış sayı: 3 544

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə