Bakı, 13 mart, ARHD.AZ
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Bakıda keçirilən “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumu işini panel iclaslarla davam etdirir.
ARHD.AZ xəbər verir ki, Belçikanın sabiq Baş naziri İv Letermin moderatorluğu ilə keçirilən “Çoxqütblü dünya üçün multilateralizmə yenidən baxılması” adlı panel iclasında əvvəlcə Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus çıxış edəcək.
İclasda, həmçinin Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov, Finlandiyanın sabiq Prezidenti Tarya Halonen, Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım, İspaniyanın sabiq xarici işlər naziri Ana Palasio, Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 62-ci sessiyasının sədri, Makedoniya Respublikasının keçmiş xarici işlər naziri Srgjan Kerim, Ərəb Liqasının sabiq Baş katibi, Misirin sabiq xarici işlər naziri Amr Mussa, “Reinventing Bretton Woods” Komitəsinin təsisçisi və icraçı direktoru Mark Uzan, Renmin Universitetinin Avropa Araşdırmaları Mərkəzinin direktoru Vanq Yiveinin çıxışları dinləniləcək.