
Bakı, 1 mart, ARHD.AZ
Türkiyəli ekspert: Erməni diasporu regionda sülhə və münasibətlərin normallaşmasına xələl gətirmək istəyir
Təbliğat üçün müxtəlif xarici platformalardan istifadə edən erməni diasporunun subyektiv və qeyri-real anti-Türkiyə ritorikası Türkiyəyə diplomatik təzyiq göstərmək istəyən müəyyən dini-siyasi dairələrin, xüsusən də Qərbin əlində alət olaraq qalır.
ARHD.AZ xəbər verir ki, bu fikri Ankara Avrasiya Araşdırmaları Mərkəzinin (AVİM) eksperti Hazel Çağan Elbir üç erməni millətçi strukturunun - Sosial Demokrat “Hnçak” Partiyası, Daşnaksütyun və Ermənistan Demokratik Liberal Partiyasının Kaliforniya ştatının Qlendeyl şəhərində keçirdikləri görüşün yekunlarına dair birgə bəyanata diqqət çəkərək bildirib.
Ekspert qeyd edir ki, Birləşmiş Ştatlarda keçirilən görüş erməni diasporunun mövqeyinin əksi olub, onlar hələ də qərəzliliyə, nifrət təbliğatına, o cümlədən qondarma “1915-ci il soyqırımı” ilə bağlı yalanların təbliğinə arxalanırlar. Eyni zamanda, bəyanatın müəllifləri “Hnçak” və Daşnaksütyunun əli ilə hələ XIX əsrin sonlarında törədilən qanlı terror aksiyalarına qəsdən susurlar.
AVİM eksperti əlavə edib: “Erməni diasporunun mövqeyi yalnız tarixi və hüquqi əsası olmayan ermənilərin hansısa təqib və hüquqlarının pozulması iddialarına əsaslanır”. O, Birinci Dünya müharibəsi illərində ermənilərin Osmanlı imperiyasının arxa cəbhəsində üsyanlar təşkil etdiyini, əhali arasında təxribat və kütləvi qırğınlar törətdiyini xatırladır.
“Müharibə zamanı ermənilər də həlak olub, lakin etnik mənsubiyyətə əsaslanan sistemli qətl siyasətinin heç bir sübutu yoxdur. “Erməni soyqırımı” ilə bağlı hər hansı bəyanatlar uydurmadır və siyasi məqsədlərə xidmət edir, bunu arxiv sənədləri də təsdiqləyir”, - deyən ekspert, həmçinin ermənilərin köçürülməsi qərarının həmin dövrdə Anadoluda fəaliyyət göstərən erməni quldur dəstələrinin əməllərinə cavab olduğunu xatırladıb.
Ekspert erməni diaspor təşkilatlarının bəyanatının Cənubi Qafqazdakı vəziyyətlə bağlı hissəsinə də toxunub. O qeyd edib: “Erməni diasporu Azərbaycanın suverenliyini tanımaqdan imtina edir, regionda sabitliyi pozmaq niyyətini nümayiş etdirir ki, bu da Bakı ilə İrəvan arasında uzunmüddətli sülhün təmin edilməsi səylərinə xələl gətirir”. O əlavə edib ki, erməni diaspor strukturları təkcə Türkiyəni deyil, həm də Azərbaycanı “soyqırımı” törətməkdə ittiham edir.
“Erməni diasporu tarixi reallıqlara məhəl qoymadan Türkiyə və Azərbaycanın maraqlarına maksimum zərər vurmaq kursunu davam etdirir və İrəvanla qonşu dövlətlər arasında münasibətlərin normallaşmasına töhfə vermək çağırışlarını qulaqardı edir”, - deyə o vurğulayıb.
Türkiyəli ekspert əmin olduğunu bildirib ki, erməni diasporunun birtərəfli ritorikası nə Ermənistanın özünün, nə də bütövlükdə regionun maraqlarına töhfə verməyəcək. “Dinc yanaşı yaşamanın yeganə yolu tarixi hadisələrə görə məsuliyyətin bütün xalqlar tərəfindən səmimi etirafından və faktlarla heç bir əlaqəsi olmayan emosional ritorikanın rədd edilməsindən keçir”, - deyə AVİM eksperti sözlərini yekunlaşdırıb.