Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” publik hüquqi şəxsin yaradılması haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 2.8-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” (bundan sonra – Mərkəz) publik hüquqi şəxs yaradılsın.
2. “Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” publik hüquqi şəxsin Nizamnaməsi” təsdiq edilsin (əlavə olunur).
3. “Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” publik hüquqi şəxsin strukturu” təsdiq edilsin (əlavə olunur).
4. Müəyyən edilsin ki:
4.1. bu Qərarın 1-ci hissəsi ilə yaradılan Mərkəz sahibsiz heyvanlara qayğı göstərilməsi və onların uçotunun aparılması sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir;
4.2. Mərkəzin nizamnamə fondu 2.000.000 (iki milyon) manat təşkil edir və Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsinin balansında olan əsas vəsaitlər hesabına formalaşır.
5. Bu Qərarın 1-ci hissəsi ilə yaradılan Mərkəzin təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:
5.1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə:
5.1.1. Mərkəzin Nizamnaməsinin təsdiqi və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onların dəyişdirilməsi;
5.1.2. Mərkəzin strukturunun təsdiq edilməsi;
5.1.3. Mərkəzin idarəetmə orqanlarının yaradılması;
5.1.4. Mərkəzin idarə, filial və nümayəndəliklərinin yaradılmasına razılıq verilməsi;
5.1.5. Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, Mərkəzin ləğvi və yenidən təşkili;
5.2. Bakı Şəhər İcra Hakimiyyətinə:
5.2.1. bu Qərarın 5.1-ci bəndində qeyd edilənlər istisna olmaqla, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.
6. Bakı Şəhər İcra Hakimiyyəti:
6.1. Mərkəzin dövlət qeydiyyatına alınması üçün bu Qərarın qüvvəyə mindiyi tarixdən 3 (üç) gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə müraciət etsin və Mərkəz dövlət qeydiyyatına alındığı tarixdən 1 (bir) gün müddətində bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin;
6.2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə razılaşdırmaqla, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Mərkəzin dövlət qeydiyyatına alındığı gündən 1 (bir) ay müddətində Bakı Şəhər İcra Hakimiyyətinin aidiyyəti qurumunun balansında olan dövlət əmlakının Mərkəzin balansına verilməsi üçün zəruri tədbirlər görsün;
6.3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırmaqla, dövlət büdcəsindən dövlət sifarişi əsasında ayrılacaq məqsədli vəsaitin ödənilməsi üçün Mərkəzlə müqavilə bağlanılmasını təmin etsin;
6.4. bu Qərardan irəli gələn digər məsələləri həll etsin.
7. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Mərkəzin fəaliyyətinin təmin edilməsi üçün tələb olunan xərclərin cari ilin dövlət büdcəsində bu məqsəd üçün nəzərdə tutulmuş müvafiq vəsait hesabına maliyyələşdirilməsi məqsədilə zəruri tədbirlər görsün.
8. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə”nin 3.5-ci bəndinə uyğun edilə bilər.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 29 aprel 2025-ci il
№ 142