Bərdə, 18 iyun, ARHD.AZ




İşğaldan azad olunan ərazilərdə çalışan təhsilverənlər ilk dəfə sertifikasiya imtahanlarında iştirak ediblər 


Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinə başlanılıb.

ARHD.AZ-ın bölgə müxbiri xəbər verir ki, sertifikatlaşdırma Qarabağ Regional Təhsil İdarəsi üzrə Ağcabədi şəhəri M.Aranlı adına 11 nömrəli və Bərdə şəhər N.Nərimanov adına 3 nömrəli tam orta məktəblərdə keçirilir. Bu il ilk dəfə olaraq sertifikasiya imtahanlarında Xankəndi şəhər N.Gəncəvi adına 4 nömrəli tam orta məktəb, Şuşa şəhər 1 nömrəli orta məktəb, Ağdərə rayon Talış kənd orta məktəb, Füzuli şəhər Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəb, Xocalı rayon 1 nömrəli orta məktəb, eləcə də Xocalı rayon Ballıca kənd orta məktəbdə çalışan təhsilverənlər iştirak ediblər.

Sertifikatlaşdırmanın test imtahanı mərhələsinin ilk günündə Azərbaycan dili və ədəbiyyatı, rus dili və ədəbiyyatı, riyaziyyat və xarici dillər üzrə tədris aparan təhsilverənlər cəlb olunublar. Bugünkü test imtahanlarında mərkəzlər üzrə ümumilikdə 131 təhsilverən iştirak edib. Prosesin ilk günündə 98 faiz davamiyyət qeydə alınıb. Sertifikatlaşdırma prosesi iyunun 18-20, 24 və 25-i tarixlərini əhatə edir. İyunun 19-da coğrafiya, ibtidai sinif, iyunun 20-də ingilis dili, ibtidai sinif, Azərbaycan dili və ədəbiyyatı, Azərbaycan dili, xarici dil, riyaziyyat, rus dili və ədəbiyyatı, iyunun 24-də biologiya, kimya, iyunun 25-də isə fizika və informatika fənlərini tədris edən müəllimlərin sertifikasiyası keçiriləcək.

Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdir müavini Nəriman Qəhrəmanlı və Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Məsimli imtahanın keçirildiyi Bərdə şəhər N. Nərimanov adına 3 nömrəli tam orta məktəbə gələrək proseslə tanış olub və müəllimlərə uğurlar arzulayıblar.

İmtahanda 60 sual təqdim edilib. Hər düzgün cavab 1 balla qiymətləndirilir. İmtahan prosesi 120 dəqiqə çəkir. Bu mərhələnin nəticələri üzrə balların hesablanması avtomatlaşdırılmış rejimdə proqram təminatı vasitəsilə həyata keçirilir və imtahan başa çatdıqdan dərhal sonra namizədə elan olunur.

Builki imtahanlarda Qarabağ Regional Təhsil İdarəsi üzrə ümumilikdə 1894 müəllimin iştirakı nəzərdə tutulur.

Xatırladaq ki, Nazirlər Kabinetinin 2022-ci il 18 avqust tarixli qərarına əsasən, dövlət ümumi təhsil müəssisələrinin təhsilverənlərinə sertifikatlaşdırmanın nəticəsinə uyğun olaraq tədris edilən dərs saatına görə test imtahanı mərhələsində nəticə göstərənlərin vəzifə maaşlarına əlavələr ediləcək.

Baxış sayı: 4 533

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə