Şuşa Azerbaycanın medeniyyet paytaxtıdır, eyni zamanda, Şuşa bizim Qelebemizin remzidir sülhün remzidir.
Şuşa Zəfərimizin rəmzi, tacıdır .
“Qarabağı azad görmək Heydər Əliyevin və bütün dünya azərbaycanlılarının əsas arzusu idi. Biz bu arzunu, Azərbaycan xalqının arzusunu yerinə yetirdik. 2020-ci il 8 noyabr tarixdə əbədi qalacaq. O gün mənə, bax, bu meydandan Şuşanın azadlığı ilə bağlı hərbi raport veriləndən sonra, bu binanın üstünə Bayrağımız qaldırılandan sonra atamın məzarını ziyarət etdim və ürəyimdə dedim ki, “Tapşırıq yerinə yetirildi. Məruzə edir Ali Baş Komandan İlham Əliyev!”. Ondan sonra Şəhidlər xiyabanını ziyarət etdim, şəhidlərimizin ruhu qarşısında baş əydim, ürəyimdə dedim ki, qanınız yerdə qalmadı.”
Qarabağ və Şərqi Zəngəzur dirçəlir, yollar, körpülər, tunellər, elektrik stansiyaları, su anbarları, məktəblər, xəstəxanalar, yaşayış binaları, məscidlər inşa edilir, yenidən qurulur və ya təmir olunur, elektrik xətləri çəkilir. Bütün bu quruculuq işlərinin təməlində Azərbaycan xalqının maraqları dayanır. Bu mühüm məqamı xüsusi qeyd etməliyik ki, Şuşa iqtisadi, siyasi, humanitar, diplomatik mərkəz kimi dünyanın diqqətindədir. Azərbaycan mütəmadi olaraq bu və ya digər sahələrdə mövcud çağırışları müzakirə etmək üçün tərəfdaşlarını, dostlarını Şuşada bir araya gətirir. Şuşadan dünyaya ünvanlanan hər mesaj ölkəmizin postmünaqişə dövrünün reallıqları fonunda beynəlxalq nüfuzunun artmasını nümayiş etdirir. Azərbaycanın sözünün imzası qədər əhəmiyyətli olduğu günümüzün reallıqlarında özünün aydın ifadəsini tapır.
Qısa müddətdə Qarabağın və Şərqi Zəngəzurun hava qapılarını dünyaya açmaq Azərbaycan dövlətinin qətiyyətinin, iqtisadi imkanlarının təqdimatı oldu. Prezident İlham Əliyev ilk gündən bu əminliyi ifadə etdi ki, düşməni qısa müddət ərzində torpaqlarımızdan qovduğumuz kimi, tarixi dədə-baba torpağımız olan Qarabağı, Şərqi Zəngəzuru da qısa müddətdə bərpa edəcəyik. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ötən dövr ərzində də işğaldan azad edilmiş ərazilərimizə, o cümlədən Şuşaya davamlı səfərləri “Böyük Qayıdış” proqramının uğurlu icrasını təmin edir və artıq bu gün Zəngilanın Ağalı kəndinin ardınca Tərtərin Talış kəndinin və Laçın şəhərinin sakinlərini qarşılamasından bəhs edirik. Hər bir səfər mədəniyyət paytaxtımızın simasının sürətlə dəyişməsini, əvvəlki şan-şöhrətinin özünə qayıtmasını, ənənələrin bərpasını şərtləndirdi.
Cənab İlham Əliyevin tarixi Zəfərimizdən sonra işğaldan azad edilmiş ərazilərimizə elə bir səfəri, eyni zamanda, elə bir müsahibəsi yoxdur ki, mədəniyyət paytaxtımızdan söz açmasın, onun dirçəldilməsinin vacibliyini bəyan etməsin. Bu, Şuşanın Azərbaycan xalqının, ölkə Prezidentinin ürəyində hansı uca zirvədə dayandığını nümayiş etdirir. Diqqət yetirsək görərik ki, hər bir bayram, tarixi günlərdə Şuşaya səfərlər edilir və buradan dünyaya, işğalçı dövlətə postmünaqişə dövrünün reallıqları ilə bağlı çağırışlar olunur. Dövlət başçısının çıxışlarında bu fakt da diqqətə çatdırılır ki, əslində, Şuşanın mədəni dirçəlişinin təməli hələ illər öncə Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Onun 1982-ci ildə Şuşaya 2 dəfə səfər edərək Vaqifin məqbərəsinin, Poeziya Evinin açılışında və orada keçirilən “Vaqif Poeziya Günləri”ndə iştirak etməsi xalqımızın, şuşalıların yaddaşına ən xoş xatirələr kimi həkk olunub. Cənab İlham Əliyev 2021-ci ilin yanvarında ilk dəfə Şuşaya səfər edəndə həmin məqamları, həmçinin 39 il öncə Şuşaya səfərini xatırlamışdır. “Bu tarixi gün mənim yadımdadır. Çünki o vaxt atamla bərabər, bax, bu yerdə mən də durmuşdum. Bu, tarixi videokadrlar da var. Çox şaxtalı, qarlı bir hava idi. Möhkəm qar yağırdı. Amma buna baxmayaraq, bu tədbirə yığışmış insanlar, Azərbaycan ziyalıları heç o soyuğu hiss etmirdilər. Çünki Qarabağ xanının vəziri olan, Molla Pənah Vaqifin möhtəşəm məqbərəsi açılırdı. Bu təşəbbüsü Ulu Öndər Heydər Əliyev irəli sürmüşdü, onun rəhbərliyi ilə inşaat işləri aparılmışdı və gözəl, əzəmətli məqbərə ucaldılmışdı.”
Cənab İlham Əliyevin Sərəncamı əsasında Prezidentin şəxsi nümayəndəliyi ilk olaraq Şuşada yaradılıb. Bərpa işlərinə yol-nəqliyyat infrastrukturunun yenilənməsindən başlanılması da təsadüfi deyil. Belə ki, hər bir bölgənin inkişafı öncə infrastruktur layihələrinin uğurlu icrasından başlanır. Prezident İlham Əliyev 2021-ci ilin 14 yanvarında Şuşaya Zəfər yolu ilə səfər edərək, bu tarixi missiyanın uğurlu təməlini qoydu. Həmin səfər zamanı dövlət başçısı illərdir didərgin həyatı yaşayan Natəvanın, Üzeyir bəyin, Bülbülün güllələnmiş büstlərini də öz doğma yerlərinə qovuşdurdu, onların da ruhlarını şad etdi. Dahi şəxsiyyətlərimizin büstlərinin Şuşaya, öz əzəli torpaqlarına qaytarılması Qələbəmizin daha bir sarsılmaz rəmzinə çevrildi.
Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 2022-ci ilin «Şuşa İli» elan edilməsi Qarabağın tacının daha da dirçəlməsinə, bərpa və quruculuq işlərinin sürətinə, miqyasına təsirsiz olmadı. Bütün işğaldan azad edilmiş ərazilərimiz müasir dövrün tələbləri əsasında yenidən qurulur, dünya Azərbaycanın təqdim etdiyi yeniliklər sırasında “ağıllı şəhər” və “ağıllı kənd” layihələrinin şahidinə çevrilir. Bu gün mədəniyyət paytaxtımız Şuşa daha bir möhtəşəm tədbirə ev sahibliyi edir. Belə ki, ölkə Prezidenti İlham Əliyevin tapşırığına əsasən, “Heydər Əliyev İli” çərçivəsində və Azərbaycan Milli Mətbuatının 148-ci ildönümü ilə bağlı “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” Qlobal Media Forumu keçirilir. Tədbirə 49 ölkədən 150 xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumu qatılıb. Həmçinin Forumda 60 yerli media rəhbəri və nümayəndəsi iştirak edir.
Forum çərçivəsində media və informasiya-kommunikasiya sahəsində qlobal səviyyədə mühüm aktuallıq kəsb edən məsələlərin müzakirəsi nəzərdə tutulur. Dünyanın tanınmış və nüfuzlu media rəhbərləri, ekspertləri rəqəmsal dövrdə jurnalistika və kommunikasiyada yeni alətlər, rəqəmsal transformasiya, müasir informasiya mühitində media menecmenti və dayanıqlı media biznes modellərinin yaradılması, yeni mediada istehlak tendensiyaları və media savadlılığı, dezinformasiya və feyk nyusla mübarizə üsulları, jurnalistlərin təhlükəsizliyi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.
Bugünədək çoxsaylı beynəlxalq tədbirlərin keçirildiyi Şuşa şəhərinin müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq dünyanın aparıcı media, jurnalist təşkilatları rəhbərlərini, media, informasiya-kommunikasiya sahəsində nüfuzlu ekspertləri, tanınmış jurnalistləri bir araya gətirməsi olduqca önəmli hadisədir. Hər bir ölkənin tərəqqisində, həqiqətlərinin təbliğində medianın rolunu nəzərə alsaq, postmünaqişə dövrünün reallıqlarını yaşadığımız hazırkı dövrdə belə bir mühüm tədbirin Şuşada keçirilməsi həm reallıqların dünya ictimaiyyətinə çatdırılması baxımından əhəmiyyətlidir, həm də dünyaya bir mesajdır. Dövlət başçısı İlham Əliyevin Qlobal Media Forumundakı çıxışı və bu beynəlxalq tədbirin iştirakçıları ilə görüşdə xarici media nümayəndələrini maraqlandıran suallara cavablarının hər biri gələcəkdə Azərbaycan reallıqlarının təbliğində və öyrənilməsində zəngin mənbə olacaq.
Qlobal Media Forumundakı çıxışında “Şuşa şəhəri bizim cəsarətimizin rəmzidir” söyləyən dövlət başçısı İlham Əliyev onu da əlavə etdi ki, Şuşada artıq bir neçə beynəlxalq tədbir, “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı, “Vaqif Poeziya Günləri” keçirildi. İşğal dövründə məqsədli şəkildə dağıdılmasına baxmayaraq, bu şəhər öz kimliyini qoruya bilib. Cənab İlham Əliyev Şuşa Qlobal Media Forumunun ölkəmiz və Qarabağ bölgəsi üçün çox möhtəşəm bir tədbir olduğunu bildirdi: “Şuşa rəsmi olaraq Azərbaycanın Mədəniyyət Paytaxtıdır və bizim qələbəmizin rəmzidir. Şuşa, eyni zamanda, sülhün rəmzidir. Şuşa azad olunduqdan sonra İkinci Qarabağ müharibəsi başa çatdı”.
Görkəmli dövlət xadimi Heydər Əliyevin Şuşaya zəngin tarixi abidə kimi qayğısı
Qarabağ bölgəsinin dağlıq hissəsinə XIX əsrdə məqsədli şəkildə köçürülmüş ermənilərə 1923-cü il iyulun 7-də sovet Rusiyasının himayədarlığı və bilavasitə iştirakı ilə Azərbaycan tərkibində Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) adlı status verilmiş və nəticədə Azərbaycanın inzibati-ərazi bölgüsü kobudcasına pozulmuşdu. 1923-cü ildə qəbul edilən bir qərarla Şuşa, Cavanşir və Qubadlı qəzalarının əraziləri bölünüb DQMV yaradıldı. Bu hadisə təkcə Azərbaycanın inzibati-ərazi bölgüsünün pozulması deyil, həm də ermənilərin ölkəmizə qarşı gələcək ərazi iddiaları üçün bir vasitə olmuş və elə o vaxtdan da “Dağlıq Qarabağ” termini meydana çıxmışdır. Muxtariyyətin yaradılması haqqında qəbul edilən dekretdə vilayət mərkəzinin Xankəndi olması göstərilsə də, az sonra 1923-cü il sentyabrın 18-də Dağlıq Qarabağ vilayət partiya komitəsinin qərarı ilə Xankəndinin adı dəyişdirilərək bolşevik maskası geyinmiş, 1918-ci ilin martında azərbaycanlılara qarşı soyqırımın rəhbəri olan S.Şaumyanın şərəfinə “Stepanakert” adlandırıldı. Bununla da, Qarabağda Azərbaycanın tarixi yerlərinin, mahal, rayon və kənd adlarının dəyişdirilməsinin təməli qoyuldu.
Sovet dövründə görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi zamanda (1969-1982) Qarabağa çox böyük diqqət və qayğı göstərmiş, eləcə də erməni iddiaları hər zaman iflasa uğramışdı. Ümummilli lider Heydər Əliyevin fəaliyyətinin mühüm əhəmiyyət daşıyan istiqamətlərindən biri məhz Qarabağda milli ruhun oyadılması olmuşdur. Heydər Əliyev Şuşaya zəngin tarixi abidə, Azərbaycan xalqının qəhrəmanlıq rəmzi kimi baxırdı. Ümummilli lider, 70-ci illərdə Şuşa şəhərində Azərbaycan xalqının tarixi abidələrinin qorunmasına xüsusi qayğı göstərilməsi barədə göstəriş vermişdi. Heydər Əliyev eyni zamanda, Şuşada aparılan tikinti-quruculuq işləri ilə də yaxından maraqlanmış, Azərbaycan poeziyasının klassikləri M.P.Vaqifin və Xurşidbanu Natəvanın yaşayıb yaratdığı yerlərlə tanış olmuşdu.
Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə Şuşa şəhərinin inkişaf etdirilməsi məqsədilə 1970-ci illərin ikinci yarısında bir neçə xüsusi qərar qəbul edildi. Həmin il qərarlara uyğun olaraq şəhərin keçmişdə tikilmiş binaları, tarixi abidələri bərpa edildi, yeni çoxmərtəbəli yaşayış binaları, böyük mehmanxana kompleksləri, ayrı-ayrı inzibati binalar tikildi. Bununla yanaşı, Şuşanın statusu qaldırılaraq ümumittifaq səviyyəli kurort şəhərinə çevrildi. Həmin qərarların yerinə yetirilməsinin böyük tarixi əhəmiyyəti var idi. Şəhərdə azərbaycanlılar üçün əlavə iş yerləri açılır, həyat səviyyəsi yaxşılaşır, Azərbaycanlıların milli ruhu güclənirdi. Keçmiş SSRİ-nin müxtəlif yerlərindən Şuşaya istirahətə gələnlər, eyni zamanda, Azərbaycanın tarixi, mədəniyyəti və incəsənəti ilə yaxından tanış olurdular.
1977-ci ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə “Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında” qərar qəbul edilmişdir. Həmin qərar nəticəsində Şuşada abidələrin qorunması, görkəmli mədəniyyət və incəsənət xadimlərinin xatirələrinin əbədiləşdirilməsi istiqamətində əhəmiyyətli addımlar atılmışdır. Bu illərdə Ümummilli Lider Heydər Əliyevin Şuşaya göstərdiyi diqqət və qayğı daha da artmış və geniş quruculuq işləri vüsət almışdı. Belə ki, görkəmli Azərbaycan şairi Molla Pənah Vaqifin məzarı üstündə 1980-1981-ci illərdə abidə, məqbərə tikilmiş və 1982-ci il yanvarın 14-də yağan güclü qarın altında Heydər Əliyev Şuşada şairin məqbərəsini böyük təntənə ilə açmışdı. Onun M.P.Vaqifə bu münasibəti bir tərəfdən milli ədəbiyyata sevgisindən irəli gəlirdisə, digər tərəfdən diyarın tarixini, əhalisinin etnik mənsubiyyətini bir daha göstərməklə bağlı idi. Əslində, bu məqbərə, eyni zamanda, gözəl memarlıq abidəsi idi. Heydər Əliyev abidənin tikintisini böyük, əlamətdar hadisə hesab edirdi. Ümummilli liderin M.P.Vaqifin məqbərəsinin açılışında söylədiyi nitq onun Qarabağa qayğısının göstəricisi idi. Bununla yanaşı, səfər zamanı Heydər Əliyev Şuşada Poeziya evini açaraq, Vaqif poeziya günlərində iştirak etdi.
Bununla yanaşı, ümummilli lider Üzeyir bəy Hacıbəylinin və Bülbülün Şuşadakı ev-muzeylərindəki eksponatlarla tanış olmuş və onların qorunmasına dair tövsiyələrini vermişdi. Bu tarixi səfər zamanı Şuşadakı abidələrin bərpa işləri ilə maraqlanan Heydər Əliyev müvafiq göstərişlər verərək işlərin davam etdirilməsinə dair bir sıra təkliflərini də söyləmişdi. Ümummilli Liderin, eyni zamanda, Şuşa məscidinə getməsi bir tərəfdən, onun dini dəyərlərə olan ehtiramının və dərin bağlılığının göstəricisi idisə, digər tərəfdən azərbaycanlı əhalinin milli və dini dəyərlərə sahib çıxmalarının vacibliyinə olan nümunə idi. Heydər Əliyev erməni millətçilərinin ona müxtəlif böhtanlar atdığı bir zamanda məscidə getməklə yerli əhaliyə dini inanclarını qorumağı da tövsiyə etmişdi.
1982-ci il iyulun 29-dan avqustun 2-dək Qarabağa bir il içərisində ikinci dəfə səfər edən Heydər Əliyevin bilavasitə iştirakı ilə Şuşada şairə Xurşidbanu Natəvanın abidəsinin açılışı oldu. Qeyd etmək lazımdır ki, bir ildə iki dəfə Şuşaya gedərkən ailəsi ilə birlikdə yanında elm, mədəniyyət və incəsənət adamlarının böyük bir qrupunu da aparmışdı. Bu addımı ilə Ümummilli lider ziyalıları Dağlıq Qarabağa xüsusi diqqət yetirməyə istiqamətləndirir, Şuşaya tez-tez səfərə gəlmələrini tövsiyə edirdi.
XX əsrin sonunda Ermənistanın Azərbaycana hərbi təcavüzü, Şuşanın işğalı və mədəni soyqırımı siyasəti
1987-ci il oktyabrın 21-də Sov.İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyev Sov.İKP plenumunda vəzifəsindən istefa verdikdən bir neçə gün sonra Sov.İKP MK-nın baş katibi Mixail Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri A.Aqanbekyan Parisdə “İnterkontinental” hotelində müsahibəsində DQMV-nin Ermənistana birləşdirilməsinin iqtisadi cəhətdən daha sərfəli olmasını və bu məsələ üzərində xüsusi komissiyanın işlədiyini bəyan edərək Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi ideyasını irəli sürdü. Bunun ardınca noyabrın 18-də A.Aqanbekyanın Parisdə verdiyi müsahibə “L'Humanite” qəzetində çap olundu. Bu müsahibə ermənilərin Dağlıq Qarabağa dair ərazi iddialarının başlanması üçün bir siqnal rolunu oynadı.
XX əsrin 80-ci illərinin sonu - 90-cı illərinin əvvəllərində SSRİ rəhbərliyinin ermənilərə himayədarlığı sayəsində hadisələr getdikcə daha da mürəkkəbləşdi və Ermənistan Respublikası Azərbaycan ərazilərinə hərbi qüvvə göndərərək açıq təcavüzə başladı. 1992-ci ilin əvvəllərindən başlayaraq Ermənistan silahlı qüvvələri bir-birinin ardınca Dağlıq Qarabağda azərbaycanlılar yaşayan sonuncu yaşayış məntəqələrini də işğal etdi.
1992-ci il mayın 8-də Şuşanın Ermənistan silahlı qüvvələri tərəfindən işğalı nəticəsində rayonun 25 məktəbi, 31 kitabxanası, 17 klubu, 8 mədəniyyət evi, 4 texnikumu, 2 institut filialı, 7 uşaq bağçası, 4 kinoteatrı, 5 mədəniyyət və istirahət parkı, 2 sanatoriya, turist bazası, 2 mehmanxana, Azərbaycan Xalçası Dövlət Muzeyinin filialı, Şuşa Dövlət Dram Teatrı, Şuşa Televiziyası, Şərq musiqi alətləri fabriki, Dövlət Rəsm Qalereyası, Uşaq sağlamlıq məktəbi talan edilmiş, yandırılmış və dağıdılmışdır.
Bununla yanaşı, işğala qədər Şuşada memarlıq abidəsi sayılan 850-dən çox yaşayış binası və 300-dək mədəniyyət və tarixi abidə var idi. Bunların içərisində son tunc və ilk dəmir dövrü abidəsi sayılan Şuşa və Şuşakənd daş qutusu qəbirləri, daş dövrü abidəsi olan Şuşa mağara düşərgəsi, XVIII əsrə dair Şuşa qalasının divarları, Gəncə qapısı, Pənah xanın sarayı və kitabxanası, İbrahim xanın bürcü və qəsri, Xan sarayı və karvansaray, M.P.Vaqifin mədrəsəsi və türbəsi, Yuxarı məscid mədrəsəsi, Hacıqulların malikanəsi, İkimərtəbəli karvansaray, Mehmandarovların malikanə kompleksi, Gövhər ağa, Xoca Mərcanlı, Hacı Abbas, Mərdinli, Saatlı, Köçərli məscidləri, Xurşidbanu Natəvanın evi və bulağı, Ə.B.Haqverdiyevin, Q.B.Zakirin, M.M.Nəvvabın, S.S.Axundovun, N.B.Vəzirovun, Y.V.Çəmənzəminlinin evləri, Mamay bəyin evi, məscidi və bulağı, Behbudovların, Fərəməzovların, Zöhrabbəyovun, Bəhmən Mirzənin evləri, Üzeyir bəy Hacıbəylinin, Bülbülün ev-muzeyləri, Xan Şuşinskinin, tarzən Sadıqcanın evləri, Realnı məktəbinin binası, Qız məktəbi, Şirin su hamamı, Meydan bulağı, İsa bulağı və s. tarixi mədəniyyət nümunəsi erməni işğalçıları tərəfindən talan edilmiş, dağıdılmış və məhv edilmişdir.
Şuşanın işğaldan azad edilməsi Zəfər günü kimi tarixə yazıldı
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin prinsipial mövqeyi, səsləndirdiyi tutarlı dəlillər və əsaslı fikirlər döyüş meydanında Azərbaycan Ordusunun əldə etdiyi qələbələr diplomatiya meydanında da uğurlara çevrildi və ölkəmizin İkinci Qarabağ müharibəsindəki hərbi-diplomatik Qələbəsini şərtləndirdi.
Prezident, Ali Baş Komandan İlham Əliyev 2020-ci il noyabrın 8-də Şuşa şəhərinin azad olunması münasibətilə xalqa müraciətində deyib: “İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, Zəfərimizin günüdür!” Azərbaycan Prezidentinin dekabrın 3-də imzaladığı Sərəncama əsasən noyabrın 8-i bayram günləri sırasına daxil edildi və hər il ölkəmizdə Zəfər Günü kimi təntənəli şəkildə qeyd ediləcək.
2021-ci il yanvarın 14-də Şuşaya səfər edən Azərbaycan Prezidenti İlham Əliyev son dəfə 39 il bundan əvvəl ümummilli lider Heydər Əliyevin şəhərə tarixi və unudulmaz səfəri zamanı gəldiyini diqqətə çatdıraraq bildirdi ki, qəhrəman Azərbaycan Ordusu mükəmməl hərbi əməliyyat keçirərək cəsarət, rəşadət, qəhrəmanlıq, güc, milli ruh nümayiş etdirərək Şuşanı işğalçılardan azad etmişlər və uzun fasilədən sonra noyabrın 8-də Şuşada Azərbaycan bayrağı qaldırılmışdır: “Biz buraya qalib kimi gəlmişik, bayrağı da qaldırmışıq, azad edilmiş bütün torpaqlarda Azərbaycan bayrağı dalğalanır. Döyüşə-döyüşə gəlmişik. Heç kim bu torpaqları bizə elə-belə verməyib. Heç bir danışıqlar heç bir əhəmiyyətə malik deyildi. Biz gördük ki, ancaq öz gücümüzlə öz torpaqlarımızı azad etməliyik və bunu etdik”.
Şuşaya səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, Şuşa işğaldan azad olunandan sonra şəhərin, bütün tarixi binaların bərpa edilməsi prosesinə start verilib. Ermənistanın Azərbaycan torpaqlarını, o cümlədən Şuşanı işğal etməsi nəticəsində tarixi, mədəni abidələrimiz dağıdılıb, ev muzeyləri qarət edilib. Onların arasında Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün Şuşadakı büstləri də var. Güllələnmiş bu büstlər erməni vandalizminin şahidləridir. Prezident İlham Əliyev qeyd etmişdi ki, ərazi bütövlüyümüz bərpa edildikdən sonra Bülbülün, Natəvanın, Üzeyir Hacıbəylinin büstləri yenə də Şuşada qoyulacaq. Azərbaycan Prezidentinin bu sözləri artıq reallığa çevrilib. Həmin dahi şəxsiyyətlərin büstləri Şuşada yenidən əvvəlki yerlərinə qoyuldu.
Azərbaycan Prezidenti İlham Əliyev qeyd edib ki, ermənilərin bütün cəhdlərinə baxmayaraq, onlar Şuşanı dünyaya erməni şəhəri kimi təqdim edə bilməmiş, 28 il ərzində buna çalışmış lakin nail ola bilməmişlər. Ancaq Şuşa ermənilər tərəfindən dağıdılsa da, əyilmədi, əsirlikdə olsa da, öz ləyaqətini itirmədi, erməniləşdirmə cəhdlərinə məruz qalsa da, Azərbaycan ruhunu qoruyub saxlaya bildi.
Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın əsl tarixi siması və qədim mədəni abidələri bərpa edilir
Strateji əhəmiyyətli Şuşa şəhərinin Azərbaycan üçün müstəsna əhəmiyyət kəsb etdiyini bildirən Prezident İlham Əliyev qeyd etmişdir ki, yarıdağılmış tarixi abidələrimizin bərpasında çox həssas olmalı, ancaq biz o tarixi abidələrimizin əsl simasını bərpa etməliyik. Vaxt itirmədən, ancaq, eyni zamanda, tələsmədən Şuşanın ilkin simasının, tarixi simasının bərpa edilməli olduğunu bildirən Azərbaycan Prezidenti Şuşa şəhərini Azərbaycan mədəniyyətinin paytaxtı elan edərək demişdir: “Şuşa şəhəri buna layiqdir. Hesab edirəm ki, nəinki Azərbaycanın, bölgənin mədəni paytaxtı sayıla bilər. Şuşanın mədəni həyatı zəngin olmalıdır”. Bununla yanaşı dövlət başçısı vaxtilə Vaqif poeziya günlərinin ənənəvi olaraq keçirildiyini vurğulayaraq diqqətə çatdırmışdır ki, Şuşada Vaqif poeziya günləri bərpa edilməlidir, “Xarı bülbül” festivalı bərpa olunmalıdır.
Prezident İlham Əliyev bildirib ki, Şuşanın Azərbaycan tarixində xüsusi yeri var və Şuşanın bərpası, dirçəlməsi hamımızın işidir: “Əlbəttə ki, bütün işlər planlı şəkildə aparılmalıdır, Şuşanın tarixi siması saxlanılmalıdır, Şuşaya yad olan hər hansı bir tikiliyə yol vermək olmaz”. Dövlət başçısı bildirmişdir ki, mütəxəssislər, memarlar, tarixçilər, şuşalılar özləri deyəcəklər ki, bu şəhəri necə görmək istəyirlər, çünki bu, onların şəhəridir. Şuşanın əsl tarixi simasının və qədim mədəni abidələrinin bərpası Azərbaycan memarlıq üslubunu əks etdirməli, çox zəngin mədəni həyat olmalı və Şuşada yaşayacaq soydaşlarımız da, bütün işlər görüləndən sonra oraya qayıtmalıdırlar: “Biz hamımız istəyirik ki, dağıdılmış şəhərlər tezliklə bərpa edilsin, amma, eyni zamanda, elə olsun ki, bu, oraya qayıdacaq insanların rahatlığını təmin etsin və müasir, güclü Azərbaycanın gücünü bütün dünyaya göstərsin”.
Azərbaycan xalqı Şuşada bundan sonra əbədi yaşayacaqdır.