
Bakı, 7 iyun, ARHD.AZ
AZAL Qurban bayramı ilə əlaqədar Naxçıvan istiqamətində reyslərin sayını artırıb
Qurban bayramı ilə əlaqədar artan sərnişin tələbatını nəzərə alaraq, Azərbaycanın milli aviadaşıyıcısı AZAL Bakı–Naxçıvan–Bakı marşrutu üzrə əlavə reyslər təyin edib.
AZAL-dan ARHD.AZ-a bildirilib ki, iyunun 7-dən 15-dək bu istiqamətdə ümumilikdə 121 reys həyata keçiriləcək.
Reyslərin ən çox həyata keçiriləcəyi gün iyunun 9-u olacaq və həmin gün 20 reysin icrası nəzərdə tutulur. Bu tarixdə pik sərnişin axını gözlənilir, çünki bayram günlərindən sonra vətəndaşların Bakıya geri dönüşü məhz həmin günə təsadüf edir.
Digər tarixlər üzrə reyslərin sayı belədir: iyunun 7-də 15 reys, 8-də 14 reys, 10-da 13 reys, 11-də 14 reys, 12 və 13-də hər birində 12 reys, 14-də 10 reys və 15-də 11 reys yerinə yetiriləcək.
Bu göstərici adi günlərdə Naxçıvan istiqamətdə orta hesabla yerinə yetirilən 8–9 reyslə müqayisədə əhəmiyyətli dərəcədə çoxdur.
Əlavə reyslər Qurban bayramı günlərində sərnişinlərin yaxınlarını ziyarət edə bilmələri üçün təşkil olunub. AZAL bu məqsədlə bütün zəruri tədbirləri həyata keçirir.
Aviabiletləri aviaşirkətin www.azal.az rəsmi saytından, mobil tətbiqindən və ya AZAL-ın kassalarından əldə etmək mümkündür.