Bakı, 12 mart, ARHD.AZ



Milli Məclisin sədri Sahibə Qafarova Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Davkova ilə görüşüb


Martın 12-də Milli Məclisin sədri Sahibə Qafarova Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkovanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən ARHD.AZ-a bildirilib ki, görüşdə Sahibə Qafarova iki ölkə arasında siyasi əlaqələrin inkişafında yüksəksəviyyəli səfərlərin və görüşlərin xüsusi rol oynadığını diqqətə çatdırıb. O, bu səfərin ölkələrimiz arasında münasibətlərin daha da genişlənməsinə güclü təkan verəcəyinə inamını ifadə edib.

Söhbət zamanı qeyd olunub ki, bu gün iqtisadiyyat, ticarət, sərmayə, enerji, nəqliyyat, kənd təsərrüfatı və digər sahələrdə əlaqələri gücləndirmək və əməkdaşlığı inkişaf etdirmək üçün yaxşı perspektivlər mövcuddur.

Bakıda olmaqdan məmnunluğunu bildirən Şimali Makedoniya Prezidenti Azərbaycanı dost və yaxın ölkə adlandırıb. O, ölkəsinin Azərbaycanla əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini diqqətə çatdırıb.

Ali qonaq səfər çərçivəsində Prezident İlham Əliyevlə keçirdiyi görüş barədə təəssüratlarını bölüşüb. O, yaşıl enerjiyə keçidin perspektivləri, Azərbaycanın bu sahədə gördüyü işlər, COP29 konfransının və XII Qlobal Bakı Forumunun bu sahəyə verəcəyi mühüm töhfələr barədə fikirlərini açıqlayıb.

Milli Məclisin sədri diqqətə çatdırıb ki, ikitərəfli və çoxtərəfli əlaqələrə müsbət və əhəmiyyətli təsir göstərən amillərdən biri parlamentlər arasındakı qarşılıqlı əlaqələrdir. Bu baxımdan qanunverici orqanlar arasında münasibətlərin daha da genişləndirilməsinin, o cümlədən beynəlxalq parlament təşkilatları çərçivəsində əməkdaşlığın gücləndirilməsinin vacibliyi qeyd edilib.

S.Qafarova ali qonağa ölkəmizin torpaqlarını işğaldan azad etdikdən sonra Ermənistanla sülh prosesinin gedişi, Azərbaycanın Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin olunmasındakı rolu barədə məlumat verib.

Görüşdə təhsil və mədəniyyət sahələrindəki əməkdaşlığın əhəmiyyəti qeyd olunub. Vurğulanıb ki, humanitar sahədə əməkdaşlıq ölkələrimiz və xalqlarımız arasında əlaqələrin möhkəmlənməsinə mühüm töhfə verir.

Prezident Qordana Silyanovska-Davkova Azərbaycanın zəngin mədəni irsə malik olduğunu söyləyib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər mövzularda da müzakirələr aparılıb.

Baxış sayı: 4 366

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə