Kiyev, 23 may, ARHD.AZ




Ukrayna və Rusiya arasında “1000-in 1000-ə” formatında əsir mübadiləsinin ilk mərhələsi reallaşıb


Ukrayna və Rusiya “1000-in 1000-ə” formatında əsir mübadiləsinin ilk mərhələsini həyata keçirib. Proses cəmi üç gün davam edəcək.

ARHD.AZ xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat verib. O bildirib ki, Ukrayna və Rusiya “1000-in 1000-ə” əsir mübadiləsi razılaşmasının birinci hissəsini yerinə yetirib.

“Bu gün – 390 nəfər. Şənbə və bazar günləri mübadilənin davamını gözləyirik”, – deyə dövlət başçısı qeyd edib.

Zelenski ukraynalı əsirlərin evlərinə qayıtması üçün fasiləsiz çalışan bütün şəxslərə təşəkkür edib: “Əsirlikdə olan hər bir şəxsi geri qaytarmaq çox vacibdir. Hər bir şəxsin adını və məlumatını yoxlayırıq. Diplomatik fəaliyyətimizi davam etdirəcəyik ki, belə addımlar mümkün olsun”.

Ukrayna Əsirlərlə iş üzrə Koordinasiya Qərargahı bildirib ki, geri qaytarılanlar arasında 270 hərbçi və 120 mülki şəxs var. Onlar arasında Ukrayna Silahlı Qüvvələrinin, o cümlədən Hərbi Dəniz Qüvvələrinin, ərazi müdafiə qüvvələrinin, həmçinin Milli Qvardiyanın və Dövlət Sərhəd Xidmətinin hərbçiləri var.

Azad edilən hərbçilər Donetsk, Luqansk, Xarkov, Zaporojye, Xerson cəbhələrində və Çerniqov, Sumı, Kiyev vilayətlərində döyüş əməliyyatlarında iştirak ediblər.

Azad edilənlər arasında 3 qadın və 387 kişi var. Mübadilədən sonra onlar tibbi müayinədən keçəcək, fiziki və psixoloji reabilitasiya həyata keçiriləcək, əsirlikdə olduqları müddətə görə onlara bütün müvafiq ödənişlər veriləcək və cəmiyyətə reinteqrasiya olunacaqlar.

Prezident Ofisinin rəhbəri Andrey Yermak isə öz növbəsində bildirib ki, azad edilən hərbçilərin bir qismi 2022-ci ildən əsirlikdə idi.

Ukraynanın müdafiə naziri Rustem Umerov qeyd edib ki, mübadilə prosesinə cavabdeh olan bütün orqanlar bir komanda kimi fəaliyyət göstərib və ukraynalıların əsirlikdən mümkün qədər tez qaytarılmasına səy göstəriblər: “Hərbçilər və mülki şəxslər, qadınlar və kişilər. Siyahılar yalnız bir meyar əsasında tərtib olunub ki, o da həyatı qorumaqdır. İstanbul razılaşmaları çərçivəsində bir neçə gün davam edəcək yeni mübadilələr gözlənilir”, – deyə o əlavə edib.

Xatırladaq ki, mayın 16-da İstanbulda Ukrayna və Rusiya nümayəndə heyətləri arasında son üç ildə ilk görüş keçirilib. Danışıqlar zamanı “1000-in 1000-ə” formatında əsir mübadiləsinə dair razılıq əldə olunub.

Baxış sayı: 6 578

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə