25 noyabr tarixində Bakıda “Avrasiya Nəqliyyat Marşrutu”nun Beynəlxalq Assosiasiyasının təsisçilərinin Ümumi Yığıncağının iclası keçirilib.


ARHD.AZ  xəbər verir ki, Azərbaycanın sədrliyi ilə təşkil olunan iclasda Assosiasiya üzvü olan Azərbaycan, Özbəkistan, Qırğızıstan və Tacikistan dəmiryol administrasiyalarının rəhbər heyəti iştirak edib.


“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov məlumat verib ki, mənzil-qərargahı Bakıda yerləşən “Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının qeydiyyatı ilə bağlı hüquqi proses başa çatıb və Assosiasiya Azərbaycan Respublikası qanunvericiliyinə uyğun şəkildə uğurla qeydiyyatdan keçib.


ADY sədri Çindən Avropaya və əks istiqamətə yükdaşımalarda artımın müşahidə edildiyi bir vaxtda marşrutların şaxələndirilməsinə ehtiyac yarandığını bildirib və bu məqsədlə Avrasiya Nəqliyyat Marşrutunun fəaliyyətinin tam təmin edilməsinin əhəmiyyətini vurğulayıb.


Qeyd olunub ki, Orta Dəhlizin cənub qanadı hesab edilən Avrasiya Nəqliyyat Marşrutu Çin, Qırğızıstan, Tacikistan, Özbəkistan, Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyəni əhatə edir. Artıq bu aydan Çinin Qaşqar şəhərindən Azərbaycana Qırğızıstan, Özbəkistan və Türkmənistandan keçməklə multimodal daşımalara başlanılıb.


Bildirilib ki, Özbəkistan–Qırğızıstan–Çin dəmir yolunun inşası da Avrasiya Nəqliyyat Marşrutunun rolunu artıracaq. Həmçinin bu Marşrut Orta Dəhlizlə Trans-Əfqan dəhlizi arasında əlaqə yaratmaqla Əfqanıstan və Pakistan üçün yeni imkanlar açacaq.


ADY sədri Orta Dəhlizin cənub qanadının inkişafının Azərbaycana Mərkəzi Asiya ilə Avropa arasında əsas körpü olmağa və ölkə ərazisindən tranzit həcmlərini artırmağa şərait yaradacağını, eyni zamanda, Bakı Limanı, Bakı–Tbilisi–Qars dəmir yolu kimi mühüm infrastrukturdan maksimum istifadə olunacağını, Zəngəzur dəhlizinin isə bu imkanları daha da genişləndirəcəyini deyib.


Assosiasiyaya Azərbaycanın sədrlik etməsi ADY-nin regionun əsas operatorlarından biri kimi mövqeyini gücləndirir, Azərbaycanı Orta Dəhlizin cənub qolunun bütün marşrutu boyunca tranzitin təşkili üzrə əsas qərarların qəbul edildiyi strateji dispetçer mərkəzinə çevirir. Bu, şirkətə tarif siyasətinin formalaşdırılmasına, logistika prosedurlarının standartlaşdırılmasına və daşımaların koordinasiyası üçün rəqəmsal platformaların inkişafına təsir göstərmək imkanı verir, həmçinin dəmir yolu layihələrinə beynəlxalq sərmayələr cəlb etməyə şərait yaradır.

 

Baxış sayı: 2 881

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə