
Ukrayna Prezidenti Volodimir Zelenski bu gün (noyabrın 19-da) Rusiya-Ukrayna müharibəsi ilə bağlı sülh danışıqları üçün Türkiyəyə səfər edib.
Bu barədə ARHD.AZ "Haber Global"a istinadən xəbər verir.
Məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zelenskini Prezident iqamətgahında rəsmi mərasimlə qarşılayacaq, ikitərəfli görüş və işgüzar yeməkdən sonra birgə mətbuat konfransı keçiriləcək.
Bu diplomatik təmas Zelenskinin may ayında Ankaraya səfərindən bəri iki lider arasında ilk üzbəüz görüş olacaq. Türkiyənin vasitəçilik rolu müharibənin gedişatı baxımından böyük əhəmiyyət daşıyır. İki lider arasında bu vacib görüş davam edən Rusiya-Ukrayna müharibəsində diplomatiya üçün yeni bir qapı aça bilər.
Həmçinin Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin direktoru Burhanettin Duran öz "X" hesabında etdiyi paylaşımda görüşlə bağlı açıqlama verib:
"Ankarada baş tutacaq danışıqlarda Ukrayna ilə ikitərəfli gündəmdəki məsələlərlə yanaşı, Rusiya-Ukrayna müharibəsi ilə bağlı əldə edilən irəliləyişlər, İstanbul prosesi başda olmaqla, atəşkəsə nail olunması və dayanıqlı həll yoluna yönəlmiş səylərin müzakirəsi gözlənilir".






















