Bakı, 25 sentyabr, ARHD.AZ
Səfir: Çinin və Azərbaycanın əhatəli strateji tərəfdaşlığı parlaq gələcəyə yol açır
Çin Azərbaycanla əldə olunan razılaşmaları tam şəkildə icra etməyə hazırdır. Əminik ki, Çinin və Azərbaycanın əhatəli strateji tərəfdaşlığı parlaq gələcəyə yol açır və xalqlarımıza daha çox fayda gətirəcək.
ARHD.AZ xəbər verir ki, bunu Çin Xalq Respublikasının Azərbaycandakı səfiri Lu Mey sentyabrın 25-də “Gülüstan” sarayında Çin Xalq Respublikasının 76-cı ildönümünə həsr olunmuş rəsmi qəbulda çıxışı zamanı bildirib.
“Çin iqtisadiyyatı illərdir qlobal artımın əsas mühərriklərindən biri olub və dünya iqtisadiyyatına 30 faiz töhfə verib. Bu ilin ilk yarısında Çin iqtisadiyyatı 5,3 faiz artıb. Ölkə yüksəkkeyfiyyətli inkişaf və Çin tipli modernləşmə yolunu davam etdirərək dünya iqtisadiyyatına daha çox sabitlik və imkanlar təqdim edəcək. Çin texnoloji yenilikləri açıq və inklüzivdir. Biz orijinal texnologiyalarımızı və innovasiyalarımızı dünya ilə bölüşməyə hazırıq”, - deyə səfir qeyd edib.
Azərbaycan-Çin münasibətlərinə toxunan Lu Mey qeyd edib ki, bu il ikitərəfli əlaqələr üçün həqiqətən məhsuldar olub. Prezident İlham Əliyevin Çinə iki rəsmi səfəri zamanı ölkələr arasında Əhatəli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanat imzalanıb və “Bir kəmər, bir yol”, yaşıl enerji, rəqəmsal iqtisadiyyat sahələrində mühüm razılaşmalar əldə olunub. “Sədr Si Cinpin və Prezident İlham Əliyevin strateji rəhbərliyi sayəsində ikitərəfli münasibətlərimiz yeni zirvələrə yüksəlir. Liderlərimiz yalnız səmərəli işgüzar münasibətlər deyil, həm də səmimi şəxsi dostluq qurublar. Bu, ölkələrimiz arasında etimad, bərabərlik və dostluğun bariz nümunəsidir”, - deyə səfir vurğulayıb.
O bildirib ki, iki ölkə bir-birinin suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyir, həmçinin BMT, ŞƏT kimi beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq edir. İqtisadi-ticarət əlaqələri rekord həddə çatıb, Çindən Avropaya yük daşıyan dəmir yolu ekspresi ilə tranzit daşımaların həcmi isə ikiqat artmaq üzrədir. İnsanlararası mübadilə də intensivləşir, viza rejiminin sadələşdirilməsi nəticəsində qarşılıqlı səfərlər çoxalıb, azərbaycanlı gənclər arasında Çin dili və mədəniyyətinə maraq daha da güclənib.






















