Afina, 24 sentyabr, ARHD.AZ
ABŞ və Yunanıstanın enerji nazirləri “Şaquli qaz dəhlizi”ni müzakirə ediblər
Yunanıstanın ətraf mühit və energetika naziri Stavros Papastavru ilə Amerika Birləşmiş Ştatlarının (ABŞ) energetika naziri Kris Rayt Nyu-Yorkda Avropa İttifaqında “Şaquli qaz dəhlizi”nin yaradılması və Avropanın Rusiya qazından imtina məsələlərini müzakirə ediblər.
ARHD.AZ xəbər verir ki, görüşdə tərəflər Yunanıstan-ABŞ enerji əməkdaşlığının dərinləşdirilməsi, dəhlizin imkanlarının tam istifadəsi və Rusiyadan qaz asılılığının azaldılması kimi strateji məsələlərə diqqət çəkiblər. Razılığa əsasən, bu mövzular noyabrın 6-7-də Afinada keçiriləcək Trans-Atlantik Enerji Əməkdaşlığı iclasının gündəliyinə daxil ediləcək.
Stavros Papastavru qeyd edib ki, Afinaya yaxın və Aleksandrupolis limanındakı FSRU terminalları, eləcə də Yunanıstan–Bolqarıstan interkonnektoru ilə bağlı infrastruktur regional enerji təhlükəsizliyini gücləndirir.
Nazir əlavə edib ki, ABŞ-dan Yunanıstana daxil olan LNG həcmləri sürətlə artır. 2025-ci ilin ilk yarısında Yunanıstana idxal olunan LNG-nin 81 faizi ABŞ-ın payına düşüb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə iki dəfə çoxdur.
Qeyd edək ki, “Şaquli qaz dəhlizi” konsepsiyası milli qaz şəbəkələrinin inteqrasiyası əsasında təchizatların diversifikasiyasını və tranziti təmin etməyi nəzərdə tutur. 2024-cü ilin iyununda “Bulgartransgaz” şirkəti Bolqarıstan və ABŞ şirkətlərindən ibarət konsorsiumla iki müqavilə imzalayıb. Bu təşəbbüsə Bolqarıstan, Yunanıstan, Rumıniya, Macarıstan, Slovakiya, Ukrayna və Moldovanın qaz operatorları qoşulublar. 242,5 milyon avro dəyərində layihə çərçivəsində illik 10 milyard kubmetrə qədər əlavə qaz ötürülməsi imkanı yaradılacaq. Tikinti işlərinin 2025-ci ilin sonuna qədər yekunlaşması planlaşdırılır.






















