İstanbul bu gün yenidən Rusiya ilə Ukrayna arasında diplomatik körpü rolunu oynayır

İstanbul, 23 iyul, ARHD.AZ




İstanbul bu gün yenidən Rusiya ilə Ukrayna arasında diplomatik körpü rolunu oynayır


Bu gün İstanbulda Rusiya ilə Ukrayna arasında sülh danışıqlarının üçüncü raundu keçiriləcək. Toplantının Türkiyə vaxtı ilə saat 19:00-da başlaması nəzərdə tutulub.

ARHD.AZ xəbər verir ki, Rusiya və Ukrayna heyətləri arasındakı ilk birbaşa görüş Prezident Rəcəb Tayyib Ərdoğanın vasitəçilik təşəbbüsü nəticəsində 2022-ci il martın 29-da İstanbulda baş tutub.

Bu görüşdə mühüm irəliləyiş əldə olunsa da, bəzi Qərb dövlətlərinin müdaxiləsi nəticəsində əldə edilən nəticələr müvəqqəti olaraq “rəfə qoyuldu”.

Tərəflər 3 il aradan sonra ilk dəfə yenidən İstanbulda masa arxasına oturublar. Türkiyənin ev sahibliyində yenidən başlayan danışıqların ilk raundunda qarşılıqlı 1000 əsir mübadiləsi, atəşkəs və sülhün təmin edilməsi üçün şərtlərin paylaşılması mövzusunda razılıq əldə olunub. Humanitar baxımdan da əhəmiyyətli addımların atıldığı bu görüşlərdən sonra Moskva ilə Kiyev arasında hərbi əsirlərin dəyişdirilməsi prosesi baş tutdu.

Bir neçə aydan sonra ikinci dəfə bir araya gələn Rusiya-Ukrayna heyətləri birbaşa danışıqlardan əvvəl və danışıqlar zamanı bir-birlərinə atəşkəs, eləcə də sülhün təmin edilməsi ilə bağlı hazırladıqları memorandum layihələrini təqdim etdilər və üzərində iş aparılması barədə razılığa gəldilər. Müharibənin başlanğıcından bəri ən genişmiqyaslı əsir mübadiləsi məsələsində razılığa gələn tərəflər ağır yaralı və xəstə əsgərlərlə yanaşı, 25 yaşdan aşağı olan bütün əsir əsgərlərin dəyişdirilməsi barədə qərar verdilər.

Rusiya tərəfi 6000 ukraynalı əsgərin cəsədini təhvil verməyə söz verdi. Əlavə olaraq, cəbhənin bəzi hissələrində əsgər cəsədlərinin toplanması üçün 2-3 günlük atəşkəslə bağlı iş aparılması gündəmə gəldi.

İstanbulda keçirilən son danışıqlarda əldə edilən razılaşmalar çərçivəsində, dəqiq sayı açıqlanmasa da, minlərlə əsir dəyişdirildi.

Rusiya indiyədək 7000 ukraynalı əsgərin cənazəsini Kiyevə təhvil verib və əlavə olaraq 3000 cənazənin də təhvil verilə biləcəyini açıqlayıb. Onlardan 1000-i qısa müddət əvvəl qaytarılıb.

Nəhayət bu gün iki ölkə arasında növbəti danışıqlar masası yenidən İstanbulda qurulur.

Rəsmi Moskva bu ayın əvvəlindən üçüncü raund danışıqlara hazır olduqlarını, İstanbulun platforma olaraq qalacağını və Kiyevdən tarix gözlədiklərini bildirib. Ukrayna tərəfi isə iyulun 19-da verdiyi açıqlama ilə danışıqların bu həftə İstanbulda keçirilməsini təklif etdiyini bildirib.

İstanbulun Çırağan Sarayında keçiriləcək danışıqlarda tərəflərin qarşılıqlı təqdim etdiyi atəşkəs və sülhə dair şərtləri əhatə edən memorandum layihəsinin müzakirə olunması gözlənilir. Toplantıda hərbi əsirlərin dəyişdirilməsi, Rusiyada olduğu bildirilən ukraynalı uşaqlar, eləcə də Rusiya və Ukrayna prezidentləri arasında mümkün görüşün hazırlıq məsələlərinin də müzakirə olunacağı proqnozlaşdırılır.

Qeyd edək ki, İstanbulda keçiriləcək görüşlə bağlı açıqlama verən Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov yaranan böhranın həllinin olduqca çətin olduğuna vurğu edərək bu səbəbdən danışıqlardan möcüzə gözləmək üçün əsasın olmadığını deyib: “Danışıqlarda memorandum layihələri üzrə fikir mübadiləsi aparılacaq. Bu layihələr bir-birinə ziddir. Ona görə də böyük diplomatik iş görülməlidir”.

Ukrayna Prezidenti Volodimir Zelenski isə açıqlamasında liderlər görüşünə hazırlığın gündəmdə olduğunu bildirib.

Ukrayna xarici işlər naziri Andrey Sibiqa Rusiya və Ukrayna liderlərinin mümkün görüşünə dair açıqlamasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, ABŞ Prezidenti Donald Tramp və avropalı liderlərin qatılacağı bir liderlər zirvəsi üzərində iş aparıldığını deyib.

Baxış sayı: 7 659

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə