Tbilisi, 16 iyul, ARHD.AZ
Mariam Kvrivişvili: BTQ layihəsi regionda nəqliyyat-logistika əlaqələrinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyətə malikdir
Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu layihəsi regionda nəqliyyat-logistika əlaqələrinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyətə malikdir.
ARHD.AZ xəbər verir ki, bu sözləri Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili Tbilisidə keçirilən Gürcüstan-Türkiyə Biznes-Forumunda çıxışı zamanı bildirib.
Nazir qeyd edib ki, BTQ layihəsi Orta Dəhliz təşəbbüsünün inkişafında əsas rol oynayır.
Onun sözlərinə görə, Gürcüstan və Türkiyə nəqliyyat və logistika sahəsində sıx əməkdaşlıq edir və bu əməkdaşlıq iki ölkə arasında ticarət dövriyyəsinin sürətlə artmasına da töhfə verir.
İqtisadiyyat və davamlı inkişaf naziri çıxışında Gürcüstanda həyata keçirilən strateji layihələrin gedişi barədə forum iştirakçılarına məlumat verib. Bildirib ki, Şərq-Qərb Ekspres yolunun, Anakliya Dərin Su Limanının, Yeni Tbilisi Beynəlxalq Hava Limanının və Qara dəniz elektrikötürücü sualtı kabelinin tikintisi sürətlə davam edir. Bu layihələrdən biri olan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi son mərhələdədir.
Forumda Gürcüstan və Türkiyə hökumət nümayəndələri ilə yanaşı, 80-ə yaxın Türkiyə və 160-dan çox Gürcüstan şirkətinin təmsilçiləri iştirak edib.























