Bakı, 29 may, ARHD.AZ
Azərbaycanın Tacikistandakı səfirliyində 28 May – Müstəqillik Günü münasibətilə rəsmi qəbul keçirilib.
Səfirlikdən ARHD.AZ-a bildirilib ki, hər iki ölkənin Dövlət himnləri səsləndirildikdən sonra ölkəmizin Tacikistandakı səfiri Əlimirzamin Əskərov 107 il əvvəl müsəlman Şərqində qurulmuş ilk demokratik, hüquqi, dünyəvi və parlament respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin tarixi və həmin dövrdə görülmüş müstəsna əhəmiyyətli işlər barədə söz açıb. O, həmçinin Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra qazanılmış uğurlardan, Ümummilli Lider Heydər Əliyevin dövlət quruculuğu sahəsində misilsiz xidmətlərindən danışıb. Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi siyasət nəticəsində Azərbaycanın daha da güclənməsi, siyasi, iqtisadi, hərbi cəhətdən dünyada yüksək nüfuz qazanması və böyük inkişafa, sabitliyə nail olunması barədə ziyafət iştirakçılarına geniş məlumat verib.
Səfir çıxışında Azərbaycanın böyük enerji və nəqliyyat layihələri, "Yeni enerji strategiyası"na uyğun olaraq enerji ehtiyatlarının dünya bazarlarına çıxarılması, bərpaolunan enerji istiqamətində atılan addımlar, Azərbaycanın təşəbbüskarı və iştirakçısı olduğu beynəlxalq transmilli layihələr barəsində söhbət açıb. Eyni zamanda, ötən ilin noyabrında Azərbaycanın dünyanın ən böyük beynəlxalq konfransı olan COP29-a uğurla ev sahibliyi etdiyini diqqətə çatdırıb.
Azərbaycanın 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində beynəlxalq birlik tərəfindən tanınmış sərhədləri daxilində öz ərazi bütövlüyünü və suveren hüququnu bərpa etdiyi, işğaldan azad olunmuş ərazilərdə quruculuq işlərinin həyata keçirildiyi vurğulanıb. Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslər, ölkəmizin üzləşdiyi mina təhlükəsi barədə məlumat verilib. Hazırda azad edilmiş ərazilərin bərpası, gələcək inkişafının təmin olunması, zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirildiyi, keçmiş məcburi köçkünlərin təhlükəsiz şəkildə doğma yurdlarına qayıtmasında yeganə problemin həmin ərazilərin mina ilə çirklənməsi olduğu diqqətə çatdırılıb.
Səfir hər iki ölkənin dövlət başçıları arasında yaranmış xüsusi və etibarlı dostluq münasibətlərinin ölkələrimiz arasında münasibətlərin inkişafına güclü təkan verdiyini vurğulayıb.
Ziyafətdə Azərbaycan musiqiləri səsləndirilib və ölkəmizlə bağlı videoçarxlar nümayiş olunub. Qonaqlara Azərbaycanın milli mətbəx nümunələri və şirniyyatları təqdim edilib.
Tədbirdə Tacikistan Baş nazirinin müavini, Azərbaycan-Tacikistan hökumətlərarası komissiyanın həmsədri Usmonali Usmonzoda əsas qonaq qismində iştirak edib. Ziyafətə, həmçinin Tacikistanda akkreditə olunmuş xarici diplomatik missiyaların rəhbərləri, əməkdaşları, digər dövlət qurumlarının və ictimaiyyətin nümayəndələri, eləcə də Azərbaycan diasporunun üzvləri qatılıblar.