Tirana, 15 may, ARHD.AZ


Albaniyanın ATA informasiya agentliyinin təşkilatçılığı ilə Tirana şəhərində Avropa Xəbər Agentlikləri Alyansının (EANA) “Jurnalistika və xəbər agentliklərinə təhdidlər: mübarizə yolları” mövzusunda konfrans keçirilib.

Tədbirdə Avropanın aparıcı informasiya agentlikləri, həmçinin Alyansın üzvü olan ARHD.AZ da təmsil olunub.

Konfransda çıxış edənlər bildiriblər ki, siyasi, iqtisadi, texnoloji sahələrdə baş verən sürətli dəyişikliklər jurnalistikanın illərlə formalaşan iş mexanizmlərinə ciddi təsir göstərir və medianın fəaliyyəti çətinləşir.

“Müasir dövrdə jurnalistika və xəbər agentlikləri əvvəlkindən daha mürəkkəb vəziyyətlə qarşılaşıblar. Dezinformasiya, iqtisadi təzyiqlər, etimadın azalması, qlobal platformaların dominantlığı - bütün bunlar jurnalistikanın missiyasını sınağa çəkir. Heç bir agentlik bu çətinliklərin öhdəsindən təkcə gələ bilməz”, - deyə ATA agentliyinin baş direktoru Valbona Jupa söyləyib.

Qeyd edilib ki, problemlər əsasən xəbərin əldə olunması, yayılması, müəlliflik hüquqlarının pozulması, maliyyə mənbələrinin azalması kimi sahələrdə özünü göstərir. Süni intellektin geniş tətbiqindən sonra müəllif hüquqlarına təhdidlər daha da sürətlənib və bunun qarşısının alınmasının zəruriliyi vurğulanıb. Eyni zamanda, süni intellekt şirkətləri xəbər agentliklərinin materiallarından fəal istifadə edir, lakin nə müəlliflik qorunur, nə də agentliklər bundan maliyyə faydası əldə edir. Çıxış yolları olaraq jurnalistikanın öz ənənələrindən geri çəkilməyərək şaxələnmə strategiyasından istifadə etmək, jurnalistlərin texnoloji və digər bacarıqlarını artırmaq, yeni texnologiyaların tətbiqinə maksimum diqqət ayırmaq və nizamlama qanunlarının qəbulu kimi məsələlərə nail olmaq qeyd edilib.

Konfransda “Associated Press”, Norveçin NTB, Almaniyanın DPA, Yunanıstanın ANA-MPA, İsveçrənin “Keystone-SDA”, Türkiyənin Anadolu, Ukraynanın “Ukrinform” agentliklərinin nümayəndələri təqdimatlarla çıxış ediblər.

Baxış sayı: 3 500

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə