Bakı, 25 aprel, ARHD.AZ
Bakıda keçirilən ikigünlük Kosmik Texnologiyalar Konfransı – “Space Technology Conference” (STC2025) işini yekunlaşdırıb.
ARHD.AZ xəbər verir ki, konfransın yekun panel sessiyasında çıxış edən Azərbaycan Kosmik Agentliyinin (“Azərkosmos”) İdarə Heyəti sədrinin vəzifələrini müvəqqəti icra edən Dunay Bədirxanov qurumun iqlim dəyişikliyi ilə mübarizədə ümumi ambisiyaların real nəticələrə çevrilməsi üçün regional və beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlığa hazır olduğunu diqqətə çatdırıb.
D.Bədirxanov bildirib ki, hazırkı sessiya iqlim dəyişikliyi ilə mübarizədə peyk texnologiyalarının rolunu müzakirə etmək baxımından çox önəmlidir.
“Kosmos adətən ilk ağla gələn həll vasitəsi olmasa da, əslində, iqlim dəyişikliyi ilə mübarizədə mühüm vasitədir. Biz kosmos vasitəsilə iqlimimiz barədə geniş və ətraflı məlumatlar əldə edə bilərik. Kosmik texnologiyalar bizə qlobal mənzərəni görməyə, dəyişiklikləri izləməyə və uyğunlaşma yollarını müəyyənləşdirməyə imkan verir. “Azərkosmos” artıq iki ildir ki, iqlim dəyişikliyi üzrə kosmik resurslara əsaslanan rəqəmsal platformanı ictimaiyyətə təqdim edir. Bu platforma “Azersky” peykinin zəngin arxiv məlumatlarına əsaslanaraq hazırlanıb və Azərbaycanda bu istiqamətdə ilk kosmik monitorinq sistemidir. Platforma quraqlıq, buzlaqların geri çəkilməsi, dəniz səviyyəsinin dəyişməsi, metan emissiyaları və torpağın şoranlaşması kimi əsas göstəricilər üzrə demək olar ki, real vaxt rejimində məlumat təqdim edir. Bu, tədqiqatçılar, siyasətçilər və ictimaiyyət üçün müxtəlif regionlarda və zaman kəsiyində iqlim tendensiyalarını izləməyə şərait yaradır”, - deyə qurum rəsmisi vurğulayıb.
D.Bədirxanov əlavə edib ki, hazırda Xəzər dənizi suyun səviyyəsinin azalması, temperaturun və duzluluğun artması kimi ciddi ekoloji təhdidlərlə qarşılaşıb: “Peyk monitorinqi bu dəyişiklikləri yüksək dəqiqliklə izləməyə imkan verir ki, bu da erkən xəbərdarlıq sistemlərinin qurulması və Xəzər kimi həssas ekosistemlərin qorunmasına yönəlmiş elmi əsaslı siyasətlərin hazırlanması baxımından son dərəcə vacibdir. COP29 çərçivəsində Kosmik Liderlər Sammitinin, həmçinin kosmosla bağlı tədbirlərin keçirilməsində əsas məqsəd fəlakətlərə hazırlığı təkmilləşdirmək, davamlı inkişafı dəstəkləmək və ölkələrin potensialın gücləndirilməsidir. Bu iki gün ərzində Bakıda keçirilən Kosmik Texnologiyalar Konfransında müzakirələrin əsas mövzusu Yerin müşahidəsi, fəlakətlərin idarə edilməsi, peyk texnologiyası və iqlimin monitorinqi üçün süni intellektlə bağlı olub. Nəhayət biz, “Azərkosmos” olaraq kosmosda regional və beynəlxalq tərəfdaşlarımızla birgə ambisiyaları konkret nəticələrə çevirmək üçün əl-ələ verməyə hazırıq”.
Qeyd edək ki, Kosmik Texnologiyalar Konfransı Azərbaycan Respublikasının Kosmik Agentliyi – “Azərkosmos”un təşkilatçılığı ilə keçirilib.
Konfransda “Dayanıqlı regional inkişaf üçün Yerin məsafədən müşahidəsi”, “Mərkəzi Avrasiyada peyk rabitəsinin rolu”, “Kosmik sənayedə innovasiya və investisiyalar”, “Kiçikölçülü peyklər”, “Dayanıqlı inkişaf üçün beynəlxalq kosmik fəaliyyətlərin koordinasiyası”, “Regional çağırışlar üçün peyk texnologiyalarının rolu” kimi aktual mövzularla bağlı müzakirələr aparılıb.
İkigünlük tədbir 35 ölkədən 112 təşkilatı təmsil edən 400-dən çox iştirakçını bir araya gətirib. Konfransda Yaxın Şərq, Avropa, Asiya, Şimali və Cənubi Amerika, eləcə də Afrikadan nümayəndələr iştirak edib.
STC2025 çərçivəsində 10-dək Anlaşma Memorandumu daxil olmaqla, ümumilikdə 20-dək əməkdaşlıq sənədi imzalanıb.
Azərbaycan üçün əməkdaşlıqlar xüsusilə kosmosun sülh və elm məqsədləri üçün istifadəsini ehtiva edir. Azərbaycan bir sıra ölkələrlə kosmik sahədə əməkdaşlıqlar qurub. Sevindiricidir ki, artıq Çin ilə də bu istiqamətdə əməkdaşlıq genişlənir.