Bakı, 18 aprel, ARHD.AZ
İsrailin “The Jerusalem Post” ingilisdilli və fransızdilli qəzeti, Yunanıstanın “Greekreporter” xəbərlər şəbəkəsi, Hindistanın “Indian Defence Review” jurnalı və digər beynəlxalq media orqanları Damcılı mağarasında aşkar edilmiş Mezolit dövrünə aid heykəlcik barədə xəbərlər dərc ediblər.
İnstitutdan ARHD.AZ-a bildirilib ki, Damcılı mağarasında Azərbaycan-Yaponiya birgə arxeoloji tədqiqatları zamanı aşkar edilmiş və Mezolit dövrünə aid daşdan insan fiquru ilə bağlı ilk rəsmi məqalə “Web of Science” və “Scopus” bazalarına daxil, Q1 kateqoriyalı “Asiyada arxeoloji tədqiqatlar” (Archaeological research in Asia) jurnalının 42-ci nömrəsində dərc olunub. Məqalənin müəllifləri Tokio Universiteti Muzeyinin direktoru professor Yoşihiro Nişiaki, AMEA Arxeologiya və Antropologiya İnstitutunun elmi işçisi Ülviyyə Səfərova, Tokio Universiteti Humanitar və Sosiologiya Ali Məktəbinin əməkdaşı Fumika İkeyama, Çiba Texnologiya İnstitutunun nəzdindəki Geo-Kosmologiya İnstitutunun əməkdaşı Vataru Satake və AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi tarix üzrə fəlsəfə doktoru Yaqub Məmmədovdur.
Uzunluğu 51 millimetr, eni 15 millimetr olan fiqur qum daşından hazırlanıb. Daşın səthi aşınmaya məruz qaldığından tədqiqi üçün müxtəlif laborator texnologiyalardan (kompüter tomoqrafiyası, X-ray flüoressens təhlilindən, elektron mikroskop skanerindən) istifadə olunub. Fiqur üzərində cizgilərlə səliqəli saç düzümü və kəmər əks olunsa da, sifət cizgiləri təsvir edilməyib.
Cənubi Qafqazda, o cümlədən Azərbaycanda istehsal təsərrüfatı təxminən 8000 il əvvəl Qərbi Asiyanın təsiri ilə yayılıb. Məhsuldarlığın simvolu olan qadın gil heykəlcikləri təxminən eyni vaxtda meydana gəlib. Maraqlıdır ki, Damcılıdan nümunə ayaq üstə, əkinçilərin qadın fiqurları isə oturaq şəkildə təsvir edilir. Həmçinin heykəlciyin kişini və ya qadını simvolizə etdiyi mübahisə predmeti olaraq qalır.
Bu artefakt Şomutəpə neolit mədəniyyətinin mərkəzi olan Orta Kür vadisində aşkar edilmiş Mezolit dövrünə aid ilk insan heykəlciyidir. Qeyd edək ki, Kür və onun qonşuluğunda məlum mezolit abidələrindən buna bənzər insan heykəlcikləri indiyədək aşkar edilməyib.