
Şuşa, 17 aprel, Gülay Nəzərova, ARHD.AZ
Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir. Bu mənada, bugünkü forum həm də bir çağırışdır.
ARHD.AZ xəbər verir ki, bunu mədəniyyət nazirinin müavini Səadət Yusifova aprelin 17-də Şuşada “Postmünaqişə dövründə mədəni irsin qorunması və dirçəldilməsi” mövzusunda I İslam Dünyası Mədəniyyət Forumunun açılışında deyib.
“Forum münaqişə zonalarında təhlükə altına düşmüş zəngin və çoxşaxəli mədəni irsin qorunması istiqamətində praktiki strategiyalara, birgə əməkdaşlığa və İslam dünyasında əməkdaşlığın roluna diqqət yetirəcək”.
Səadət Yusifova diqqətə çatdırıb ki, Forumda İslam dünyası bir araya gələrək münaqişə dövrlərində mədəni irsə dəyən zərərin miqyasını qiymətləndirmək, münaqişədən zərər görmüş mədəni obyektlərin qorunması üçün tədbirləri gücləndirmək, tarixin, incəsənətin və kimliyin gələcək nəsillər üçün yaşamasını təmin etmək imkanı əldə edəcəklər.
“Forumda, həmçinin mədəni irsin qorunması, bərpası və yenidən canlandırılması sahəsində ən yaxşı təcrübələrin paylaşılması, münaqişə vəziyyətlərində mədəni irsin qorunması üçün daha güclü hüquqi çərçivələrin təbliği və gələcək nəsillər üçün davamlı strategiyaların hazırlanması məsələləri müzakirə ediləcək”,- deyə mədəniyyət nazirinin müavini vurğulayıb.