
Tbilisi, 16 aprel, ARHD.AZ
Gürcüstan Prezidenti Mixail Kavelaşvilinin ilk xarici səfərini Azərbaycan Respublikasına həyata keçirməsi olduqca mühüm hadisədir. Bu, bir daha göstərir ki, ölkələrimiz arasında çox möhkəm dostluq, mehriban qonşuluq və strateji tərəfdaşlıq mövcuddur. Gürcüstan Azərbaycana böyük önəm verir.
Bu sözləri ARHD.AZ-a müsahibəsində gürcü politoloq Vato Şakarişvili söyləyib.
Onun sözlərinə görə, bu tərəfdaşlıq təkcə mehriban qonşuluq münasibətlərinə deyil, həm də ümumi maraqlara əsaslanır: “Bizim maraqlarımız bölgədə sülhün qorunmasını, möhkəmləndirilməsini, regionun iqtisadi rifahının təmin edilməsini nəzərdə tutur. Bu isə həm ölkələrimizin, ümumilikdə isə bütün regionun daha da güclənməsi deməkdir”.
Politoloq deyib: “Dünyada böyük dəyişikliklər dövrü yaşanır və bu şəraitdə Cənubi Qafqaz ölkələri arasında tərəfdaşlıq münasibətlərinin mövcud olması çox vacibdir. Biz iqtisadi inkişaf baxımından yeni, əhəmiyyətli layihələr üzərində çalışmalıyıq ki, regionumuzu gücləndirək, birlikdə yeni dünya reallığında ləyaqətli və önəmli yerimizi tutaq. Ümid edirik ki, Mixail Kavelaşvilinin bu səfərindən sonra münasibətlərimizdə yeni səhifə açılacaq və biz daha böyük uğurlara imza atacağıq”.