
Bakı, 15 aprel, ARHD.AZ
Bu platformada ümumi baxışa uyğun həllər hazırlamaq hamımız üçün böyük bir fürsətdir. Bu, yalnız üzv ölkələr üçün deyil, eyni zamanda, bütün region və digər ölkələr üçün də son dərəcə əhəmiyyətli bir təşəbbüsdür.
ARHD.AZ xəbər verir ki, bu fikirləri Qara Dəniz Yayım Tənzimləyici Qurumlarının Forumunun (BRAF) Baş katibi Deniz Güçer aprelin 15-də Bakıda keçirilən BRAF-ın 11-ci Toplantısında çıxışı zamanı səsləndirib.
O bildirib ki, bu platforma yalnız mövcud vəziyyətin qiymətləndirilməsi üçün deyil, həm də gələcək strategiyaların hazırlanması, regional əməkdaşlığın gücləndirilməsi və tənzimləmə proseslərinin daha səmərəli təşkili baxımından mühüm zəmin yaradır. Hər bir görüş zamanı üzv ölkələr bir-birinə ilin xülasəsini təqdim edir, bununla yanaşı, daha güclü əməkdaşlıq üçün ortaq baxışa əsaslanan həll yolları üzərində də işləyirlər.
“Bildiyiniz kimi, əvvəlki toplantımızda yeni konsepsiya qəbul etdik. Bu konsepsiya çərçivəsində üzv ölkələr razılaşdırılmış mövzu üzrə illik təcrübə mübadiləsi aparır. Bu il isə diqqətimizi yayım xidmətlərində uşaqların müdafiəsinə yönəltmişik”, - deyə Deniz Güçer vurğulayıb.
O qeyd edib ki, müasir media mühiti uşaqların informasiyaya çıxışını asanlaşdırsa da, eyni zamanda, onların uyğun olmayan məzmuna qarşı daha həssas olmasına səbəb olur. Uşaqlar və gənclər texnoloji yeniliklərə tez uyğunlaşır və məzmunu sürətlə istehlak edirlər. Ancaq bu məzmunun bəziləri onların psixoloji və fiziki sağlamlığına mənfi təsir göstərə bilər.
“Gündüz saatlarında yayımlanan bəzi xəbərlər, seriallar və reklamların uşaqlara zərər verdiyinin şahidi oluruq. Eyni zamanda, uşaqların mediada necə təqdim olunması da diqqətlə yanaşılması gərəkən vacib məsələdir. Onlar və yaxınları ilə bağlı yayımlarda uşaqların gələcəyinə təsir edə biləcək görüntülərdən və detallı məlumatlardan yayınmaq son dərəcə vacibdir”, - deyə Baş katib əlavə edib.