
Antalya, 11 aprel, Günel Karatepe, ARHD.AZ
Türkiyə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması məsələsində eyni mövqeyindədir. Biz, ilk növbədə, bölgədə sabitliyi, buna bağlı olaraq Ermənistanla Azərbaycan arasındakı sülh müqaviləsinin ən qısa vaxt ərzində imzalanmasını arzu edirik. Əsas arzumuz bölgədə sülhün bərqərar olunmasıdır. Artıq hamımız böhranlardan, münaqişələrdən yorulmuşuq. Regionumuzun inkişafa çox böyük ehtiyacı vardır.
Bu fikirləri ARHD.AZ-a müsahibəsində Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay bildirib.
Qafqazda sülhün bərqərar olunması istiqamətində atılması gözlənilən addımların artıq hər kəsə bəlli olduğunu qeyd edən Fuat Oktay deyib: “Qafqazda sülh və sabitlik üçün Ermənistan konstitusiyasında dəyişilməsi vacib olan maddələr var. Bu məsələdə, həmçinin ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyini də vurğulamaq lazımdır. Onlar hələ də “bu münaqişə bitərsə, biz işsiz qalarıq” düşüncəsindədirlər. Halbuki birinin onları oyandırması, artıq problemin öz həllini tapdığını bildirməsi lazımdır. Qərbi azərbaycanlıların öz torpaqlarına qayıtması da əsas məsələlərdəndir. Bu problem öz həllini yalnız sülh yolu ilə tapa bilər”.