Deputat: Azərbaycanın yaratdığı yeni reallıqlar dünya siyasətində yeniliklərə yol açır

Bakı, 11 aprel, ARHD.AZ



Azərbaycan Prezidentinin iştirakı ilə ADA Universitetində keçirilmiş “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forum xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin Forumda söylədiyi fikirlər çoxşaxəliliyi ilə diqqət çəkir. Aydındır ki, yeni dünya nizamının formalaşması bir çox gərginliklər və hətta silahlı münaqişələr doğurur. Bu baxımdan Azərbaycanın qlobal sülhə töhfə verən ölkə kimi çıxış etməsi əlbəttə ki, beynəlxalq ictimaiyyətin də diqqətindən yayınmır. Eyni zamanda, bu gün dünya Avropa ilə Asiyanın qovuşduğu məkanda, Şərq-Qərb və Şimal-Cənub marşrutlarının kəsişməsində yerləşən ölkəmizin qlobal miqyasda rolunu anlamağın və nəzərə almağın vacibliyini getdikcə daha aydın başa düşür.

Bu fikirləri ARHD.AZ-a açıqlamasında Milli Məclisin deputatı Anar Məmmədov söyləyib.

Deputat bildirib ki, tarixi Zəfərimizdən sonra belə forum və konfransların keçirilməsi ənənə halını alıb. Bu mühüm amil ölkəmizin beynəlxalq münasibətlər sistemində möhkəmlənən yerini və rolunu, yürütdüyü siyasətin uğurlarını göstərir. Azərbaycan hər zaman sabitlik məkanı kimi dəyərləndirilir. Ölkəmizin təşəbbüskarı və iştirakçısı olduğu beynəlxalq konfrans və forumlara verilən önəm tədbirlərə qatılanların ildən-ilə artan say tərkibindən də aydın görünür. Yeni-yeni hədəflərə doğru inamla addımlayan Azərbaycan, həmçinin innovasiyalar ölkəsi kimi diqqətdədir. Hazırda dünya ölkəmizin işğaldan azad edilmiş ərazilərdə apardığı genişmiqyaslı bərpa-quruculuq işləri fonunda zəngin şəhərsalma təcrübəsinin şahidinə çevrilir. "Forum iştirakçıları işğaldan azad olunmuş ərazilərə də səfər etdilər, münaqişənin tarixi, Azərbaycanın bugünkü reallıqları, beynəlxalq dəstək olmadan ölkənin ərazi bütövlüyünü və suverenliyini, eləcə də bərpa-quruculuq işlərini öz gücünə təmin etməsinə dair uğurlu təcrübə ilə tanış oldular. Daha sonra regionda yaranan yeni reallıqlar fonunda dünyanın ən təcrübəli liderlərindən biri kimi dövlətimizin başçısına müxtəlif suallar ünvanlandı. Cavablar tam dolğun, faktlara söykənmiş idi. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün aparıcı beyin mərkəzlərinin ekspertlərinin bu barədə məlumatlandırılması da vacib məqamdır", - deyə Anar Məmmədov vurğulayıb.

Forumda Cənubi Qafqazda yeni eranın başlanması və yeni reallıqların hər kəs tərəfindən qəbul olunması ilə bağlı səslənən fikirlərə də münasibət bildirən deputat qeyd edib: "Forumda ölkəmizdə idarəçiliyin formalaşması, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası, eyni zamanda, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması istiqamətində dövlətimiz tərəfindən atılan addımlar, irəli sürülən təkliflər, region ölkələri ilə əlaqələr və qlobal məsələlərlə bağlı müzakirələr də aparıldı. “Cənubi Qafqazda əməkdaşlıq Azərbaycan və Ermənistan arasında sazişin imzalanmasından asılıdır. Yalnız belə olan halda Cənubi Qafqazı inteqrasiya olunmuş regiona çevirməyə cəhd etmək üçün heç bir maneə qalmayacaq”, - deyən dövlətimizin başçısı qeyd etdi ki, təbii olaraq bu proses silahlanma fonunda baş verə bilməz. Azərbaycan Prezidenti bu kontekstdə diqqəti Ermənistanın silahlanmasına yönəltdi. Rəsmi Bakı açıq şəkildə xəbərdarlıq etdi ki, Ermənistanın ölümcül silahlarla silahlanması regionda sülhə və sabitliyə deyil, yeni gərginlik ocaqlarının yaranmasına xidmət edir. Bu reallıqlar fonunda Azərbaycan yeni siyasi qarşıdurma təhlükəsi görür”.

Deputat bildirib ki, Azərbaycan-ABŞ münasibətləri forum iştirakçılarını maraqlandıran mövzulardan biri idi. Bu suala cavab olaraq Azərbaycan Prezidenti Bayden-Blinken Administrasiyasının qərəzli mövqeyini bir daha xatırlatdı. Əlbəttə ki, Donald Tramp hakimiyyətə gələndən sonra ABŞ siyasətində anti-Azərbaycan trendinin dayandırılması müsbət haldır və tərəfdaşlığın gücləndirilməsi üçün yaxşı imkanlar yaranıb. Yəni, Prezident İlham Əliyevin bəyan etdiyi kimi, Azərbaycan Tramp administrasiyası ilə çox güclü, proqnozlaşdırılabilən, uzunmüddətli strateji əlaqələrə başlayacağı vaxtı gözləyir.

"Ümumiyyətlə, dövlətimizin başçısının iştirakı ilə keçirilən beynəlxalq əhəmiyyətli hər bir tədbir bütün sahələrdə mövcud imkanlarımızın təqdimatında, günün aktual məsələləri ətrafında mövqenin nümayiş olunmasında, bir sözlə, Azərbaycanla bağlı həqiqətlərin öyrənilməsində zəngin mənbədir. Bu dəfə də Türk dünyasının birliyinin prioritetliyi məsələsinə bir daha diqqət yönəldildi. Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunun artırılmasına Azərbaycanın töhfələri təqdir olundu. Tarixi Zəfərimizdən sonra Azərbaycanın beynəlxalq nüfuzunun göstəricilərindən biri kimi Prezident İlham Əliyevin son zamanlar fəxri qonaq qismində dəvət olunduğu tədbirlərin böyük çoxluq təşkil etdiyi bildirildi. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, Azərbaycanın yaratdığı yeni reallıqlar regionda böyük dəyişikliklərə, dünya siyasətində yeniliklərə yol açır", - deyə Anar Məmmədov fikirlərini yekunlaşdırıb.

Baxış sayı: 5 444

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə