
Paris, 4 aprel, ARHD.AZ
ABŞ-ın gömrük rüsumlarını artırması Fransada narazılıqla qarşılanır
Amerika Birləşmiş Ştatlarının (ABŞ) gömrük rüsumlarını artırması Fransada on minlərlə iş yerinə təsir göstərə bilər.
ARHD.AZ xəbər verir ki, bu fikri “Medef-Fransa” İşəgötürənlər Assosiasiyasının sözçüsü Şarl Znati səsləndirib.
O bildirib ki, ABŞ-ın yeni gömrük rüsumlarını elan etməsindən sonra Avropa və Asiyanın fond bazarlarında qiymətlər kəskin aşağı düşüb. "Fransızların beşdəbir hissəsi birbaşa və ya dolayı yolla ixrac üçün işləyir. Rüsumların artırılması bir çox istehsal proseslərini əhəmiyyətli dərəcədə poza bilər”, - deyə İşəgötürənlər Assosiasiyasının sözçüsü vurğulayıb.
Şarl Znati deyib ki, sahibkarlara ABŞ-dan kənarda bazarlar axtarmağa icazə verilməli, rəqabət mühiti gücləndirilməlidir. “ABŞ Prezidenti Donald Trampın müəyyənləşdirdiyi tariflər qəbuledilməzdir. Böyük qətiyyət və əzmkarlıqla buna qarşı çıxmaq lazımdır. Sahibkarlara dəstək verilməlidir”, - deyə o bildirib.
Qeyd edək ki, ABŞ-ın gömrük tariflərini artırmasının birbaşa təsirinə məruz qalan Fransanın sənaye təmsilçiləri Yelisey sarayında qəbul ediliblər. Bu ölkənin Prezidenti Emmanuel Makron D.Trampın müvafiq qərarını “qəddar və əsassız” adlandırıb.