Senatın sədri: Pakistan və Azərbaycan daim bir-birini dəstəkləyən qardaş ölkələrdir

Bakı, 20 fevral, ARHD.AZ


Senatın sədri: Pakistan və Azərbaycan daim bir-birini dəstəkləyən qardaş ölkələrdir


Fevralın 20-də Milli Məclisin sədri Sahibə Qafarova Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Pakistan Senatının sədri Seyid Yusuf Rza Gilaninin rəhbərlik etdiyi parlament nümayəndə heyəti ilə görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən ARHD.AZ-a verilən məlumata görə, Sahibə Qafarova bildirib ki, bu səfər Azərbaycan və Pakistan arasında dostluq və qardaşlıq münasibətlərinin növbəti təzahürüdür.

S.Qafarova qeyd edib ki, Azərbaycan və Pakistan arasında strateji münasibətlər dostluq və qardaşlıq prinsipləri əsasında qurulub. Hər iki ölkə həm ikitərəfli, həm də beynəlxalq müstəvilərdə bir-birini daim dəstəkləyir və dövlətlərimiz arasındakı əlaqələr bütün sahələrdə yüksələn xətt üzrə inkişaf edir.

O, ölkələrimiz arasında münasibətlərin inkişafında yüksəksəviyyəli qarşılıqlı səfərlərin xüsusi rolunu qeyd edib.

Milli Məclisin sədri deyib ki, parlamentlərimiz arasındakı qarşılıqlı əlaqə dövlətlərimizin münasibətlərinin inkişafına da mühüm və müsbət təsir göstərir. Bu baxımdan hər iki ölkənin parlamentlərində fəaliyyət göstərən qarşılıqlı dostluq qruplarının üzərinə mühüm vəzifə düşür. Qanunverici orqanlarımız arasında çox səmərəli əməkdaşlıq qurulub. Parlamentlərimiz bir sıra beynəlxalq təşkilatlarda sıx əməkdaşlıq edirlər.

Pakistan Senatının sədri Seyid Yusuf Rza Gilani diqqətə çatdırıb ki, Pakistan və Azərbaycan həmişə bir-birini dəstəkləyən qardaş ölkələrdir, xalqlarımız ortaq dəyərləri bölüşürlər. Bildirib ki, Pakistan Ermənistanla diplomatik münasibət qurmayan nadir ölkələrdəndir. Pakistanın Azərbaycanla 1992-ci ildən yaradılmış diplomatik münasibətlər üzərində ötən illər ərzində bütün sahələrdə, o cümlədən parlamentlərimiz arasında yüksəksəviyyəli əlaqələr formalaşıb. Bu baxımdan mütəmadi həyata keçirilən qarşılıqlı səfərlər mühüm rol oynayır. Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin ikinci üçtərəfli görüşünün də bu il Pakistanda keçirilməsi planlaşdırılır. Bununla yanaşı, ticarət, müdafiə, enerji, mədəniyyət, təhsil sahələrində əlaqələrimizi daha da inkişaf etdirmək üçün geniş imkanlar var.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər barəsində də fikir mübadiləsi aparılıb.

Baxış sayı: 5 647

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə