Keyfiyyətə nəzarət sahəsində vahid elektron informasiya sisteminin hüquqi bazası yaradılır

Bakı, 3 mart, ARHD.AZ


Keyfiyyətə nəzarət sahəsində vahid elektron informasiya sisteminin hüquqi bazası yaradılır


Keyfiyyətə nəzarət sahəsində rəqəmsallaşmanın həyata keçirilməsi məqsədilə vahid elektron informasiya sisteminin hüquqi bazası yaradılır.

ARHD.AZ xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında”, “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında”, “Standartlaşdırma haqqında” və “Texniki tənzimləmə haqqında” qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsində əksini tapıb.

Qanun layihəsinin məqsədlərindən biri də bu sahədə elektron xidmətlərin tətbiqi yolu ilə prosedurların optimallaşdırılması, ölçmə, texniki tənzimləmə və uyğunluğun qiymətləndirilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi və xidmətlərin şəffaflığının artırılmasıdır.

Yaradılması nəzərdə tutulan vahid elektron informasiya sistemi keyfiyyət infrastrukturu sahəsində fəaliyyət göstərən akkreditasiya edilmiş səlahiyyəti qurumlar tərəfindən təqdim edilən hüquq müəyyənedici sənədlərin (sertifikatların, şəhadətnamələrin, bildirişlərin və s.) elektron formada vahid elektron platforma üzərindən qeydiyyatının və reyestrinin aparılmasını və bu sənədlərin verilməsini, keyfiyyət təminatı sahəsində fəaliyyətlərin rəqəmsallaşdırılmasını, bu sahədə mövcud pərakəndəliyin aradan qaldırılmasını təmin edəcək, maraqlı tərəflərə (dövlət qurumlarına, sahibkarlıq subyektlərinə, vətəndaşlara və s.) keyfiyyətə nəzarət sahəsində həyata keçirilən fəaliyyətlərin nəticələrini asanlıqla izləmək imkanı yaradacaq.

Eləcə də keyfiyyətə nəzarət sahəsində (ölçmələrin vəhdətinin təmin edilməsi, uyğunluğun qiymətləndirilməsi, standartlaşdırma, texniki tənzimləmə və s.) qanunvericiliyin təkmilləşdirilməsi (yeni anlayışların əlavə edilməsi, bəzi anlayışların dəqiqləşdirilməsi, tərəflər arasında yaranan münasibətlərin tənzimlənməsi, müvafiq qanunların normalarının uzlaşdırılması və s.) həyata keçirilir.

Qeyd edək ki, müvafiq dövlət proqramının və strategiyanın icrası ilə əlaqədar olaraq, hazırda sözügedən informasiya sistemi (https://e-keyfiyyet.gov.az/) yaradılaraq istifadəyə verilib.

Baxış sayı: 6 359

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə