Nazir müavini: Qarabağda demək olar ki, bütün elektrik enerjisi alternativ mənbələrdən alınır
Bakı, 2 iyun, ARHD.AZ
İşğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzurda istehsal edilən elektrik enerjisi Qarabağda aparılan bərpa işlərinə töhfə verməklə yanaşı, Bakıda “qara qızıl”ın işlənməsi üçün sərf olunan elektrik enerjisini yaşıllaşdıracaq.
ARHD.AZ xəbər verir ki, bu sözləri 30-cu Bakı Enerji Həftəsi çərçivəsində keçirilən Beynəlxalq Xəzər Neft və Qaz sərgisində jurnalistlərə açıqlaması zamanı energetika nazirinin müavini Elnur Soltanov deyib.
O bildirib ki, Qarabağda demək olar ki, bütün elektrik enerjisi alternativ mənbələrdən alınır.
“Qarabağda elektrik enerjisinin istehlakı 40 MVt-dan az olsa da, istehsal 100 MVt-dan artıqdır. Bu o deməkdir ki, hazırda Qarabağ “yaşıl elektrik enerjisi”ni öz istehlakına sərf etdikdən sonra qalan hissəsini Azərbaycanın digər bölgələrinə ötürür”, - deyə nazir müavini qeyd edib.
Azərbaycanda ən yaxşı günəş enerjisi potensialının Naxçıvanda, ikinci ən böyük potensialın cənubi Qarabağda olduğunu vurğulayan nazir müavini imkanlardan maksimum istifadə etmək niyyətində olduqlarını bildirib: “Biz Qarabağın yaşıl enerjisi ilə Bakının “qara qızılı”nı birləşdirəcəyik. Bununla da dekarbonizasiya istiqamətində önəmli addımlardan biri həyata keçirilmiş olacaq. Bundan başqa, Mingəçevirdəki “Azərbaycan” İstilik Elektrik Stansiyasına 4 qaz turbinləri gətirilib. Bu turbinlər nəticəsində orada səmərəlilik təqribən 30 faiz artıb. Bu o deməkdir ki, sırf Mingəçevirdə baş verən tədbirlər nəticəsində təbii qaza qənaət 100 milyon kubmetrlərlə ölçülən həcmdədir. Eyni zamanda, bərpaolunan enerji stansiyalarının tikintisi dekarbonizasiya anlamına gəlir”.