Muxtar Babayev: Enerji siyasətində dayanıqlılıq və diversifikasiya Azərbaycanın əsas prioritetlərindəndir

Vyana, 10 iyul, ARHD.AZ



Muxtar Babayev: Enerji siyasətində dayanıqlılıq və diversifikasiya Azərbaycanın əsas prioritetlərindəndir


Vyanada keçirilən 9-cu OPEC Beynəlxalq Seminarı çərçivəsində Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev “Enerji dayanıqlığına aparan istiqamətlər” mövzusunda təşkil olunan nazirlər sessiyasında çıxış edib.

ARHD.AZ xəbər verir ki, M.Babayev enerji sistemlərinin dayanıqlığının və Azərbaycanın bu prosesdəki yerinin ölkəmiz üçün xüsusi əhəmiyyət daşıdığını bildirib: “Bizim anlayışımıza görə enerji dayanıqlı, etibarlı və əlçatan olmalıdır. Hər bir ölkə enerji təhlükəsizliyini təmin etmək üçün ya öz vəsaiti, ya da inkişaf etmiş ölkələrin dəstəyi ilə investisiya yatırmalıdır”.

COP29-a ev sahibliyi edən bir ölkə kimi Azərbaycanın prioritetinin enerji mənbələrinin diversifikasiyası olduğunu vurğulayan M.Babayev deyib ki, xüsusilə Günəş və külək kimi bərpaolunan mənbələr enerji təhlükəsizliyində yeni istiqamətləri müəyyən edir. “İnkişaf etməkdə olan ölkələrin, xüsusilə az inkişaf etmiş, kiçik ada və Afrika dövlətlərinin enerji infrastrukturuna və bərpaolunan enerji layihələrinə sərmayə yatırmaq üçün maliyyə dəstəyi zəruridir”, – deyə M.Babayev vurğulayıb.

O, xatırladıb ki, Bakıda COP29 zamanı inkişaf etməkdə olan ölkələrin iqlim maliyyəsi üçün 300 milyard dollar öhdəlik götürülüb. “Məqsədimiz bu ölkələrlə etimada əsaslanan əməkdaşlıq qurmaq və onlara əlçatan maliyyə imkanları təqdim etməkdir,” – deyə o diqqətə çatdırıb.

Azərbaycanın həm bərpaolunan enerji, həm də təbii qaz sahəsində müxtəlif layihələr həyata keçirdiyini deyən M.Babayev əlavə edib: “Azərbaycan bu gün 12 dövlətə, o cümlədən 10 Avropa İttifaqı ölkəsinə təbii qaz ixrac edir. Lakin ölkə daxilində əsas diqqət bərpaolunan enerjiyə yönəlib və düşünürəm ki, bu, təkcə özümüzü deyil, həm də qonşu ölkələri bərpaolunan enerji ilə təmin etməyin yollarından biridir”.

Baxış sayı: 5 550

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə