Şabran, 22 mart, ARHD.AZ
İki kiloqram quzu əti qiymətinə satılan quzuqarnı - Şabrandan REPORTAJ VİDEO
Azərbaycanda ən bahalı göbələk növlərindən biri kimi tanınan, el arasında quzuqarnı adlanan göbələyin yığım mövsümü başlayıb.
ARHD.AZ-ın bölgə müxbiri xəbər verir ki, bu quzuqarnının bir kiloqramı alıcılara 35-40 manata təklif olunur. Quzuqarnı iki kiloqram quzu əti qiymətinə satılsa da alıcısı var.
Quzuqarnını şimal rayonlarının meşəliklərindən mart ayından başlayaraq may ayınadək toplamaq olar. Bu mövsüm quzuqarnının az olması qiyməti ötən illərə nisbətən daha da bahalaşdırıb.
Quzuqarnı ən dadlı göbələklərdən sayılır. Qiymətin baha olması bu göbələyin yığılmasının çətinliyi ilə əlaqədardır. Meşədə əsasən qovaq ağaclarının altında, sıx kolluqlarda tək-tək bitir. Rəngi yarpaqlardan seçilmədiyindən onun yığılması olduqca çətindir. Gün ərzində bir adam meşədən maksimum 3-4 kiloqram quzuqarnı toplaya bilər.
Şabran sakini Fərman Məhsimov hər il meşədən quzuqarnı tolayıb Gəndob-Yalama yolunun kənarında satır. “Quzuqarnını Şabran meşələrindən toplayırıq. Gün ərzində saatlarla bu göbələyi axtarırıq. Bu gün quzuqarnı tolamaq üçün Qusar meşələrinə getmişdim. 3-4 nəfərə cəmi 4-5 kiloqram məhsul yığa bildik. Kol-kosun içində olduğundan tikanlar adamın əllərini zədələyir. Yığılması çətin olduğundan qiyməti də bahadır. Satışda sarı və qara rəngli quzuqarnı var”,- deyə həmsöhbətim söyləyib.
Quzuqarnı dadına və tərkibindəki vitaminlərin zənginliyinə görə digər göbələklərdən fərqlənir. Bu göbələyin zəhərlisinə rast gəlinmir. Yemək üçün hazırlanması isə çox sadədir. İsti su ilə yuyulub təmizləndikdən sonra yumurta ilə qarışdırılaraq bişirilir. Bundan başqa, çöl şəraitində quzuqarnını şişə çəkib kababını da hazırlamaq olar.
“Çox dadlı göbələkdir. Ətdən də dadlı və kalorilidir. Özüm də toplamağı xoşlayıram. Bir saat meşədə axtardıqdan sonra cəmi iki dənə tapa bildim. Quzuqarnını yığmaq çox çətindir. Halaldır bu adamlara ki, bu qədər toplayıb satırlar. Yığılmasının əziyyətinə görə 35-40 manata dəyər. Bu göbələk çox qısa müddətdə olur. Mövsümü cəmi 10-15 gün çəkir. Deyilənə görə bir sıra xəstəliklərə də dərmandır. Bişirilməsi çox sadədədir”,- deyə alıcı Mikayıl Cəbiyev bildirib.
Hər il mart-aprel aylarında Şabran rayonu ərazisində, Gəndob-Yalama yolunun kənarında quzqarnı satanlara rast gəlmək mümkündür. Mövsümün əvvəlində baha qiymətə satılan quzuqarnı aprel ayında nisbətən ucuzlaşır.
Quzu əti qədər dadlı quzuqarnı Azərbaycanda istixana şəraitində yetişdirilmir. Bitkinin konservləşdirilmiş halda satışı da yoxdur. Bu göbələyin elmi adı isə “Morchella esculenta”dır.