Bakı, 3 mart, ARHD.AZ
Azərbaycanla Rumıniya arasında dini sahədə əməkdaşlıq imkanları barədə müzakirələr aparılıb
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovun başçılığı ilə Rumıniyada səfərdə olan nümayəndə heyəti Dini məsələlər üzrə dövlət katibi Çiprian Vasile Oliniçi ilə görüşüb.
Dövlət Komitəsindən ARHD.AZ-a bildirilib ki, qarşılıqlı səfərlərin iki ölkə arasında dini sahədə qarşılıqlı maraq doğuran məsələlər, əməkdaşlıq imkanları və istiqamətləri barədə müzakirələr aparmaq baxımından əhəmiyyətini vurğulayan dövlət katibi Azərbaycan və Rumıniya xalqlarının paylaşıla biləcək ortaq dəyərlərinin olduğunu diqqətə çatdırıb. Çiprian Vasile Oliniçi Azərbaycandakı multikultural və tolerant mühiti yüksək qiymətləndirdiyini, ölkəmizin bu sahədə mövcud təcrübəsinin öyrənilməsinin zəruriliyini vurğulayıb.
Azərbaycandakı dövlət-din münasibətləri və multikultural mühit, dinə dövlət qayğısı barədə məlumat verən Ramin Məmmədov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə milli-mənəvi və tolerant dəyərlərin qorunub saxlanılmasına xüsusi önəm verildiyini, müxtəlif dinlər arasında həmrəyliyin gücləndirilməsi istiqamətində böyük səylər göstərildiyini bildirib. Komitə sədri Azərbaycanda tarixən müxtəlif konfessiyaların nümayəndələrinin vahid bir ailə kimi mehriban şəraitdə yaşadıqlarını, dövlətin bu ənənələri daha da inkişaf etdirmək məqsədilə mühüm layihələrin həyata keçirildiyini qeyd edərək, Azərbaycanın təşəbbüsü və iştirakı ilə keçirilən tədbirlərin beynəlxalq səviyyədə tolerantlığın möhkəmlənməsinə böyük təkan olduğunu söyləyib.
Görüşdə, həmçinin dini sahədə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib, müvafiq sahə üzrə müxtəlif istiqamətlərdə əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyi vurğulanıb.