Ağdam, 20 fevral, Tahir Ağaməmmədov, ARHD.AZ
Ağdam Muğam Mərkəzində tikinti-quraşdırma işləri yekunlaşmaq üzrədir
İşğaldan azad olunmuş ərazilərimizdə digər sahələr kimi, mədəniyyətin də dirçəldilməsi istiqamətində ardıcıl tədbirlər görülür. Ağdam şəhərində Muğam Mərkəzinin inşa edilməsi də Qarabağda, ümumilikdə, respublikamızda mədəniyyətə, musiqiyə, muğam sənətinə verilən böyük dəyərin göstəricisidir.
Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin mətbuat katibi Leyla Sarabi ARHD.AZ-ın bölgə müxbirinə bildirib ki, Ağdam şəhərinin mərkəzinə yaxın ərazidə inşa olunan Muğam Mərkəzində tikinti-quraşdırma işləri artıq yekunlaşmaq üzrədir.
Ümumi sahəsi 1,4 hektar olan Mərkəzin birinci mərtəbəsində kafe, kinozal, kitabxana və iki rəqs zalı yaradılıb. Buradakı 507 yerlik konsert zalında müxtəlif mədəni tədbirlər, o cümlədən muğam gecələri təşkil etmək üçün hərtərəfli şərait var. İkinci mərtəbədə inzibati otaqlar yerləşir. Mərkəzdə 14 dərs otağı, sərgi salonu, iclas zalı, müəllimlər otağı və digər otaqlar fəaliyyət göstərəcək.
Ağdam Muğam Mərkəzinin ərazisində 1250 kvadratmetrlik açıq amfiteatr da inşa edilib. Hazırda tamaşa zalında, binanın çöl hissəsində son tamamlama işləri görülür, müvafiq avadanlıq və mebellər quraşdırılır.
Qeyd edək ki, muğamın təbliği və inkişafı istiqamətində dövlətimiz tərəfindən son illərdə görülən işlərə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da mühüm töhfələr verir. Fondun həyata keçirdiyi layihələrin nəticəsidir ki, Azərbaycan muğamı UNESCO-nun “Bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsərləri” siyahısına salınıb.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 18-də Ağdam Muğam Mərkəzində görülən tikinti işləri ilə tanış olublar.