"İdxal rüsumlarının qanuniliyi ilə bağlı iş üzrə Ali Məhkəmədə uduzması ABŞ üçün dağıdıcı nəticələrə gətirib çıxaracaq".
ARHD.AZ xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "Fox News"a müsahibəsində bəyan edib.
"Belə deyim: əgər biz uduzsaq, bu, ölkəmiz üçün dağıdıcı nəticələrə gətirib çıxarar. Bu bizim tariximizdə ən vacib məhkəmə işlərindən biridir", - deyə Tramp vurğulayıb.
Onun sözlərinə görə, əgər Vaşinqton yeni idxal rüsumlarını tətbiq etməsəydi, ABŞ və digər ölkələr "depressiyada olardılar".
Ağ Evin mətbuat katibi Kerolin Levitt noyabrın 2-də bildirib ki, ABŞ Prezidenti Administrasiyası Ali Məhkəmənin gömrük rüsumlarının tətbiqini qanunsuz hesab edəcəyi təqdirdə ehtiyat planlar üzərində işləyir.
Qeyd edək ki, ABŞ Ali Məhkəməsi hazırda prezidentin idxal olunan mallara tariflər tətbiq edərkən səlahiyyət həddini aşıb-aşmaması ilə bağlı iddiaya baxır. Məhkəmədə administrasiyanı maliyyə naziri Skott Bessent təmsil edir.






















