
Bakı, 18 iyun, ARHD.AZ
İrakli Mezurnişvili: Qara Dəniz regionunun inkişafına töhfə verən bütün təşəbbüsləri qətiyyətlə dəstəkləyirik
Avropa ilə Asiya arasında təbii bir körpü rolunu oynayan regionumuz ticarət, texnoloji inkişaf və dayanıqlı tərəqqi baxımından geniş potensiala malikdir. Lakin bu potensialı reallaşdırmaq üçün bizi birləşdirən əsas məsələlərdən biri nəqliyyat və bağlantı infrastrukturudur.
ARHD.AZ xəbər verir ki, bunu Gürcüstan nümayəndə heyətinin rəhbəri İrakli Mezurnişvili iyunun 18-də Milli Məclisdə keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının (QDİƏT PA) 65-ci plenar sessiyasında deyib.
O bildirib ki, burada söhbət təkcə avtomobil yolları, dəmir yolları və limanlardan ibarət olan fiziki infrastrukturlardan getmir.
“Əslində, bizim məqsədimiz daha böyük sabitlik və ortaq rifah üçün birgə taleyimizi paylaşdığımız bu regionda innovasiya və dayanıqlılığa əsaslanan əlaqələri və mobilliyi artırmaqdır. Məhz bu baxımdan, münasibətlərimizi daha da gücləndirməli, əlaqələrimizi genişləndirməliyik. İnfrastruktur yalnız malların və insanların daşınması üçün vasitə deyil, o, eyni zamanda hər bir vətəndaş üçün daha firavan, təhlükəsiz və xoşbəxt gələcəyə aparan yoldur.
Gürcüstan olaraq, regiondakı əlaqələri gücləndirən və Qara Dəniz regionunun inkişafına töhfə verən bütün təşəbbüsləri qətiyyətlə dəstəkləyirik. Biz tərəfdaşlarımızla birlikdə qaydalara əsaslanan beynəlxalq münasibətlər sistemini daha açıq, inklüziv və əməkdaşlığa əsaslanan bir mühitə çevirmək üçün səylərimizi davam etdiririk. Əminik ki, Qara Dəniz regionunda təkcə fiziki bağlantılar deyil, həm də ortaq dəyərlər və müştərək gələcək qurulmalı, bu isə öz növbəsində sülh, əmin-amanlıq və ümumi məqsədlərlə müşayiət olunmalıdır”, - deyə İrakli Mezurnişvili əlavə edib.