Londonda yaşayan azərbaycanlı cərrah: Yaxşı həkim olmaq üçün bilik kifayət deyil - MÜSAHİBƏ

London, 22 mart, ARHD.AZ



Londonda yaşayan azərbaycanlı cərrah: Yaxşı həkim olmaq üçün bilik kifayət deyil - MÜSAHİBƏ


Bugünkü müsahibimiz İlhamə Cəfərlidir. 6 ildir Britaniyada yaşayan İlhamə uşaq cərrahıdır. O, həm Azərbaycanda, həm də xaricdə təhsil alaraq peşəkar cərrah kimi inkişaf edib. Hazırda Böyük Britaniyanın aparıcı xəstəxanalarından birində çalışır və uşaq cərrahiyyəsində geniş təcrübəyə malikdir. İlhamə xanım elmi tədqiqat və tədris fəaliyyəti ilə də məşğuldur. O, ARHD.AZ-ın suallarını cavablandırıb. Həmin müsahibəni təqdim edirik.

-Sizi cərrah olmaq üçün ilhamlandıran nə oldu?

-Cərrahiyyəyə sevgim uşaqlıq yaşlarından başlayıb. Bu sahəyə marağımda babamın cərrah olmasının da böyük təsiri olub. Azərbaycan Tibb Universitetinin ikinci kurs tələbəsi olarkən artıq əməliyyatlarda iştirak etməyə başlamışdım. Beləliklə, cərrahiyyə mənim üçün peşəyə çevrildi.

-Niyə məhz uşaq cərrahiyyəsini seçdiniz?

-Uşaqlarla və körpələrlə işləmək xüsusi bir zövq verir. Onları müalicə etmək və sağaltmaq mənə böyük motivasiya verir. Cərrahiyyədə əsasən böyüklərlə başlayırıq, lakin mənim əsas nailiyyətlərim məhz uşaqların sağlamlığına töhfə verməyimlə bağlıdır.

-Böyük Britaniyada tibb sistemində sizi ən çox nə təəccübləndirdi?

-Burada səhiyyə sistemi tam fərqlidir. NHS (Milli Səhiyyə Xidməti) pulsuzdur, amma bu, hər kəsin istədiyi vaxt müalicə ala biləcəyi demək deyil. Əvvəlcə GP (ümumi praktik həkimlər) vasitəsilə müraciət olunur, onlar ilkin müayinədən sonra xəstəni müvafiq mütəxəssisə yönləndirirlər. Təcili hallar istisna olmaqla, sistem çox dəqiq işləyir. Hətta dərmanlar da NHS çərçivəsində pulsuz verilir və onların hamısı konkret göstərişlər əsasında təyin olunur. Məsələn, əgər bir xəstəyə uzunmüddətli antibiotik yazanda mikrobioloq dərhal sistem üzərindən xəbərdarlıq edir ki, bu dərman xəstəyə zərər verə bilər. Dərmanın neçə günlük təyin olunmalı olduğunu belə, sistem nəzarətdə saxlayır. Bu, xəstələrin təhlükəsizliyi üçün çox önəmlidir və NHS sistemini bu baxımdan çox yüksək qiymətləndirirəm.

-Sizcə, yaxşı həkim olmağın sirri nədir?

-Yaxşı həkim olmaq üçün yalnız bilik kifayət deyil. Həkim həm də insan psixologiyasını bilməli, xəstəsinə qayğı ilə yanaşmalı və daim öz üzərində işləməlidir. Bizim işimiz sadəcə əməliyyat etmək deyil, insan həyatına toxunmaqdır.

-Əməliyyat zamanı çətin anlar yaşadığınız anlar olub?

-Əməliyyat zamanı ən çətin anlardan biri uşağın vəziyyətinin kritik olduğu anlardır. Bəzən əməliyyata girəndə bilirik ki, xəstənin vəziyyəti çox ağırdır, amma biz onun həyatını xilas etmək üçün əlimizdən gələni edirik. Ən təsirli anlar isə ailəyə xəbər verdiyimiz anlardır. Bəzən onların üzündə ümidi görmək bizi daha da ruhlandırır, bəzən isə çarəsizlik bizi də sarsıdır.

-Təhsil və karyera yolunuz necə olub?

-Amerika Cərrahlar Kollecindən dərəcə almışam, Kanadada iş təcrübəm olub, Səudiyyə Ərəbistanında da fəaliyyət göstərmişəm. Daha sonra yolum Böyük Britaniyaya düşdü. Lakin ondan əvvəl Britaniyanın Kraliyyət Cərrahlar Kollecinin məzunu olmuşam və eyni zamanda Avropa Uşaq Cərrahları Komitəsinin üzvüyəm, bu da mənə beynəlxalq təcrübə qazandırıb.

-İş yoldaşlarınız sizin azərbaycanlı olduğunuzu biləndə necə reaksiya verirlər?

-İşə başladığım zaman burada Azərbaycanın tanınmadığını hiss edirdim. İş yoldaşlarım ilk dəfə azərbaycanlı olduğumu biləndə təəccüblənirdilər, çünki çoxları ölkəmiz haqqında heç nə eşitməmişdi. Buna görə də, onlara Azərbaycanı tanıtmaq, tariximiz və mədəniyyətimiz barədə danışmaq mənim üçün vacib oldu. Hesab edirəm ki, insan özünü başqa bir ölkədə təsdiqləmək istəyirsə, bunu yalnız elm və bilik vasitəsilə edə bilər. Elm milləti irəli aparan əsas qüvvədir.

-Akademik fəaliyyətiniz barədə danışa bilərsinizmi?

-Cardiff Universitetinin Uşaq Cərrahiyyə şöbəsində çalışmışam və eyni zamanda qadın cərrahların mentoru olmuşam. Daha sonra “Guys və St Thomas” xəstəxanasında cərrah kimi fəaliyyət göstərmişəm. Hal-hazırda “Chelsea & Westminster” xəstəxanasında uşaq cərrahiyə şöbəsində cərrah olaraq fəaliyyət göstərirəm. Bununla yanaşı, “Imperial College London” universitetində üçüncü kurs tələbələrindən imtahan götürürəm, beşinci kurs tələbələrinə isə mühazirələr oxuyuram. 2024-cü ildən etibarən Amerika Cərrahlar Kollecinin Təhsil Komitəsinə seçilmişəm və bu, mənim üçün böyük bir uğurdur.

-Gələcək planlarınız nələrdir?

- Azərbaycan çox sürətlə inkişaf gedir və bunu səhiyyə sistemində də müşahidə edirik. Azərbaycan tibb və səhiyyəsində beynəlxalq təcrübəni tətbiq etmək üçün daha çox layihələrdə iştirak etmək, qurucusu olduğum Azərbaycan- Britaniya Peşəkarlar Assosiasiyasını genişləndirmək və azərbaycanlı gənclərə daha çox dəstək olmaq istəyirəm. Azərbaycanda bir neçə dəfə tələbələr üçün seminarlar keçmişəm. Gördüm ki, tələbələrimiz çox böyük potensiala malikdirlər, sadəcə onlara düzgün istiqamət vermək lazımdır.

Baxış sayı: 4 533

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə