Ankara, 21 mart, ARHD.AZ
Şimali Kipr Türk Respublikasının XİN rəhbəri: Lefkoşa Türk dünyasının birliyinə inanır
Şimali Kipr Türk Respublikasının (ŞKTR) sakinləri Türk dünyasının birliyinə inanır və qardaş ölkələrin nümayəndələrinin iştirak etdiyi hər bir tədbirə sevinirlər.
ARHD.AZ xəbər verir ki, bunu ŞKTR Xarici İşlər Nazirliyinin rəhbəri Tahsin Ertoğruloğlu Lefkoşada keçirilən Türk dünyasının Novruz Festivalında iştirak etmək üçün gələn türk ölkələrinin nümayəndələri ilə görüşdə bildirib.
Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlunun rəhbərlik etdiyi ölkəmizin nümayəndə heyətinin tərkibinə Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Musa Quliyev, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV) sədri Aygün Attar, Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin incəsənət xadimləri daxildirlər.
Şimali Kipr diplomatiyasının rəhbəri türk xalqlarını birləşdirən tarixi bağlara diqqət çəkərək, Türk dünyasının birliyinin yalnız siyasi müstəvidə yaxınlıq deyil, eyni zamanda mədəni, sosial və ictimai həyatın digər sahələrində də həmrəyliyi əhatə etdiyini vurğulayıb.
Aygün Attar Kipr türklərinin ədalətli mövqeyini dəstəklədiyini bildirərək, beynəlxalq hüquq böhranına diqqət çəkib və bunun həm Azərbaycan torpaqlarının işğalı illərində, həm də Şimali Kipr Türk Respublikasının sakinlərinə qarşı ədalətsizlikdə özünü göstərdiyini qeyd edib. TADİV rəhbəri Şimali Kipr sakinlərinin hüquq və maraqlarının müdafiəsi istiqamətindəki səyləri "Türk dünyasının ümumi mübarizəsi" adlandırıb.
Milli Məclisin deputatı Musa Quliyev də ŞKTR sakinlərinin ədalətli mövqeyini dəstəklədiyini bəyan edib.