Bakı, 19 may, ARHD.AZ


Mayın 19-da Milli Məclisin Aqrar siyasət komitəsinin növbəti iclası keçirilib.

ARHD.AZ xəbər verir ki, iclası açan komitə sədri Tahir Rzayev gündəliyə üç məsələnin daxil edildiyini söyləyib. Qanun layihələri barədə məlumat verən komitə sədri “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında bitki karantini və bitki mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi ilə bağlı bildirib ki, sazişin məqsədi bitki xəstəlikləri və zərərvericilərə qarşı birgə mübarizə aparmaq, zərərli orqanizmlərin yayılmasının qarşısını almaqdır. Vurğulanıb ki, sənəd bir tərəfdən məhsullarımızın xarici bazarlara çıxışını asanlaşdırır, digər tərəfdən isə ölkəyə idxal edilən məhsullar vasitəsilə zərərli orqanizmlərin daxilolma riskinin qarşısını almaq üçün effektiv hüquqi mexanizm yaradır.

İkinci məsələ olan “Pambıqçılıq haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı diqqətə çatdırılıb ki, layihə pambığın alqı-satqısının sənədləşdirilməsi qaydasının Vergi Məcəlləsinin müvafiq maddələrinin tələblərinə uyğunlaşdırılması məqsədilə hazırlanıb. Qanun layihəsinə əsasən, pambığın alqı-satqısı prosesi elektronlaşdırılır. Bu, həm də pambıqçılıq sahəsində vergi və subsidiyalar üzrə avtomatlaşdırılmış təhlilin aparılmasına, sahibkarlar və fermerlər üçün əməliyyatların sadələşdirilməsinə imkan verəcək.

Torpaq Məcəlləsində, Mülki Prosessual Məcəllədə, Mülki Məcəllədə, “Notariat haqqında” və “İcra haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı bildirilib ki, təqdim edilən qanun layihəsi mirasın qəbulu institutunun tələblərinin təkmilləşdirilməsi məqsədilə hazırlanıb. Sənəddə mirasın qəbulu, mirasdan imtina, irsi transmissiya, mirasın siyahıya alınması, miras qoyanın öhdəliklərinin icrasının hüquqi təminatı kimi məsələlərdə yeni qaydalar müəyyən edilir və bəzi qeyri-müəyyənliklər aradan qaldırılır.

Qanun layihələrinin müzakirəsində komitə üzvləri Eldar İbrahimov, Azər Badamov, Novruzəli Aslanov, Vüqar İskəndərov, Aydın Hüseynov və Cavanşir Paşazadə çıxış edib, layihələrlə bağlı fikirlərini bildiriblər.

İclasın yekununda gündəlikdəki qanun layihələrinin hər biri Milli Məclisin plenar iclasında baxılmaq üçün tövsiyə olunub.

Baxış sayı: 5 380

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə