
Bakı, 28 aprel, ARHD.AZ
Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi, məşğulluq imkanlarının artırılması, əmək münasibətlərinin inkişafı, sosial sahədə xidmətlərin elektronlaşması, operativliyin və şəffaflığın təmin edilməsi istiqamətində ardıcıl islahatlar həyata keçirilir. Belə ki, Prezident İlham Əliyevin sosial sahədə apardığı məqsədyönlü siyasətin nəticəsi olaraq, 2018-2025-ci illərdə ölkəmizdə beş böyük sosial islahat paketi həyata keçirilib. Bu islahatların illik əlavə maliyyə tutumu 7,6 milyard manat olmaqla, 4 milyon nəfəri əhatə edib. Nəticədə həmin dövrdə minimum əməkhaqqı 3,1 dəfə, minimum pensiya 2,9 dəfə, orta aylıq pensiya isə 2,6 dəfə artıb. Sosial müavinət və təqaüd ödənişlərinin həcmi isə 5 dəfə artaraq 400 milyon manatdan 1,9 milyard manata çatıb.
ARHD.AZ xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Ümumdünya Əməyin Mühafizəsi Günü və ilk kollektiv müqavilənin 120 illiyinə həsr olunan “Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri” mövzusunda keçirilən konfransda çıxış edərkən deyib.
A.Əliyev qeyd edib ki, əmək bazarı ilə bağlı görülən tədbirlər nəticəsində əmək müqavilələrinin sayı 556 min və ya 42,4 faiz artıb və bu artımın 90 faizi özəl sektorun payına düşüb. Qeyd olunan müddət ərzində əməkhaqqı fondu 2,9 dəfə, o cümlədən qeyri-dövlət sektoru üzrə 3,2 dəfəyədək artıb: “Şəhid ailələri və müharibə əlillərinin sosial müdafiəsi və məşğulluğu ilə bağlı tədbirlər gücləndirilib, Vətən müharibəsindən sonrakı dövrdə bu kateqoriyadan olan 131 min şəxsə, ümumilikdə, 380 minə yaxın sosial xidmət göstərilib, şəhid ailələrinin və müharibə əlillərinin müavinət və təqaüdləri orta hesabla 2 dəfəyədək artırılıb. Son beş ildə onlara 6800 mənzil və müharibə əlillərinə isə 567 avtomobil verilib. 26,2 min nəfərin məşğulluğu təmin olunub, o cümlədən 12,4 min nəfər özünüməşğulluq proqramına, 1070 nəfər isə peşə hazırlığına cəlb edilib. 11 min nəfərə 77 min sosial-psixoloji dəstək və reabilitasiya xidməti göstərilib, o cümlədən 492 hərbçiyə 609 yüksək texnologiyalı protez, 2 300 müharibə əlilinə 70 min reabilitasiya vasitəsi təqdim olunub" , - deyə nazir bildirib.