Bakı, 21 aprel, ARHD.AZ



Səhiyyə Nazirliyində Qlobal Fondun (QF) Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə yeni təyin olunan Portfolio meneceri Valeriya Qrişeçkina ilə görüş keçirilib.

Nazirliyin mətbuat xidmətindən ARHD.AZ-a verilən məlumata görə, səhiyyə naziri Teymur Musayev Valeriya Qrişeçkinanı QF-nin Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə Portfolio meneceri vəzifəsinə yeni təyin olunması münasibətilə təbrik edib.

Nazir öz çıxışında Azərbaycanın Qlobal Fondla əməkdaşlığa önəm verdiyini vurğulayaraq, Səhiyyə Nazirliyinin Qlobal Fondun missiyaları ilə mütəmadi keçirilən görüşlərin mövcud əlaqələrin daha da gücləndirilməsinə töhfə verdiyini qeyd edib.

Teymur Musayev, həmçinin xatırladıb ki, 2005-ci ildən QİÇS, Vərəm və Malyariya ilə mübarizə üzrə Qlobal Fond Azərbaycanda vərəm əleyhinə fəaliyyətin dəstəklənməsində yaxından iştirak edir: “Hazırda Azərbaycanda Qlobal Fondun layihələri davamlı olaraq həyata keçirilir və ölkəmizin vərəmlə mübarizəsinə böyük töhfədir”.

2023-cü ilin martında Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən Azərbaycanı “malyariyadan azad” ölkə kimi sertifikatlaşdırılmasını qeyd edən nazir malyariya ilə mübarizədə uğurun, həm də ÜST-nin aparıcı mövqe tutduğu tərəfdaşların uzun illər hərtərəfli dəstəyi sayəsində mümkün olduğunu vurğulayıb.

Sonda Azərbaycanın səhiyyə naziri gələcəkdə əməkdaşlığın daha da inkişaf etdiriləcəyinə əminliyini ifadə edib.

Səmimi qəbula görə minnətdarlığını bildirən Valeriya Qrişeçkina Azərbaycanın “malyariyadan azad” ölkə kimi sertifikatlaşdırılmasını yüksək qiymətləndirib. Qlobal Fondun Portfolio meneceri həmin nailiyyətin səhiyyə işçilərinin davamlı fədakarlığı, həmçinin malyariya hallarının məqsədyönlü şəkildə qarşısının alınması, erkən aşkarlanması və müalicəsi sayəsində mümkün olduğunu bildirib.

Görüşdə, həmçinin əməkdaşlığın mövcud vəziyyəti, potensial inkişaf imkanları və maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Baxış sayı: 4 509

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə