Bakı, 10 aprel, ARHD.AZ
Aprelin 10-da Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 80 illik yubileyinə həsr olunmuş “Azərbaycanın İkinci Dünya savaşında rolu” mövzusunda konfrans keçirilib.
ARHD.AZ xəbər verir ki, konfransdan əvvəl Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin, II Dünya müharibəsində həlak olanların və respublikamızın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov konfransı açıq elan edərək xalqımızın faşizm üzərindəki Qələbəyə verdiyi tarixi töhfələrdən danışıb. Polkovnik Cəlil Xəlilov qeyd edib ki, Azərbaycan faşizmə qarşı mübarizədə insan resursları ilə yanaşı, həm də zəngin enerji resursları ilə iştirak edib, Qələbənin əldə edilməsində həlledici rol oynayıb: “İkinci Dünya müharibəsi öz miqyasına görə bəşər tarixinin ən böyük, ən dəhşətli müharibəsi olub. Bu müharibədə Azərbaycan xalqı yalnız vuruşmadı, həm də Zəfərin əsas təminatçılarından biri olub. Bakı Sovet İttifaqının neft mənbələrini təmin edərək müharibənin iqtisadi dayağını təşkil edib. Müharibə dövründə Azərbaycanın neft yataqları Sovet İttifaqının silahlanmasını və hərbi əməliyyatlarını dəstəkləyərək döyüşlərin gedişatına böyük təsir göstərib. Həmçinin Azərbaycandan olan minlərlə əsgər, tankçı, atıcı, pilot, həkim cəbhə xəttində öz adlarını tarixə qızıl hərflərlə yazdırdılar. Onların qəhrəmanlığı və cəsarəti Zəfərin qazanılmasına böyük töhfə verdi.
İkinci Dünya müharibəsində Azərbaycan xalqı yalnız döyüş meydanlarında deyil, həm də cəmiyyətin bir çox sahəsində öz fədakarlığını göstərib. Onlar yaşadığı torpağı, evini, millətini qorumaq uğrunda əzmlə mübarizə aparıblar. Azərbaycanın hər bir şəhərindən, kəndindən, hər bir evindən bir müharibə qəhrəmanı yetişib”.
Konfransda çıxış edən Milli Məclisin Elm və təhsil komitəsinin sədri tarix elmləri doktoru Anar İsgəndərov, filologiya elmləri doktoru Şərəf Cəlili, Sovet İttifaqı Qəhrəmanı Səlahəddin Kazımovun qardaşı oğlu Araz Kazımov, uşaqları alman faşistlərinin əsirliyindən azad etmək üçün alman generalını əsir götürmüş Həmzə Sadıqovun oğlu Firdovsi Sadıqov Azərbaycan xalqının faşizm üzərindəki Qələbəyə verdiyi töhfələrə diqqət çəkiblər. Qeyd olunub ki, Azərbaycan gəncləri babalarının İkinci Dünya müharibəsindəki qəhrəmanlıq ənənələrini davam etdirərək 44 günlük Vətən müharibəsində tarixi Zəfərə imza ataraq ərazi bütövlüyümüzü təmin ediblər.
Konfransda Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun nəvəsi polis polkovnik-leytenantı Emin Aslanov, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin bacısı oğlu Mehdi Əzizbəyov, professor İmran Əbilov, Müdafiə Nazirliyinin nümayəndəsi polkovnik Elvin Əzizov, o cümlədən Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin müəllim və tələbələri, Müdafiə Nazirliyinin nəzdində olan hərbi təhsil müəssisələrinin nümayəndələri, şəhər veteran təşkilatlarının sədrləri və üzvləri, mətbuat və ictimaiyyət nümayəndələri iştirak ediblər.