Bakı, 10 fevral, ARHD.AZ

Nazir Ceyhun Bayramov Belarusun ölkəmizə yeni təyin olunmuş səfiri ilə görüşüb


Fevralın 10-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Belarusun ölkəmizə yeni təyin olunmuş səfiri Dmitri Pineviçlə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən ARHD.AZ-a bildiriblər ki, səfir Dmitri Pineviç etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib.

Nazir yeni təyin olunmuş səfiri təbrik edib, ona diplomatik missiyasında uğurlar arzulayıb.

Görüş zamanı Azərbaycan ilə Belarus arasında mövcud ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyində duran məsələlər müzakirə olunub.

Tərəflər ölkələrimiz arasında strateji tərəfdaşlığın inkişaf perspektivlərini, həmçinin ikitərəfli və çoxtərəfli əməkdaşlığın müxtəlif aspektlərini müzakirə ediblər.

Dövlətlərarası əlaqələrin gücləndirilməsi üçün yüksəksəviyyəli təmasların, qarşılıqlı səfərlərin və beynəlxalq platformalarda aparılan dialoqların mühüm rolu qeyd olunub.

Bu baxımdan ötən il mayın 17-də Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri çərçivəsində işğaldan azad edilmiş ərazilərə getməsinin ölkələrimiz arasındakı strateji tərəfdaşlığın yüksək göstəricisi olduğu vurğulanıb.

Azərbaycan ilə Belarus arasında müxtəlif sahələr, o cümlədən siyasi, iqtisadi, ticari, elmi, təhsil, mədəniyyət, turizm və digər istiqamətlər üzrə mövcud əməkdaşlığın məmnunluq doğurduğu, xüsusilə ölkələrimizin iqtisadi-ticari əlaqələrinin genişləndirilməsi istiqamətində atılan addımların ikitərəfli münasibətlərin inkişafına mühüm töhfə verdiyi qeyd olunub.

İqtisadiyyat, ticarət və investisiya sahələrində əməkdaşlıq istiqamətində iki ölkə arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın rolunun vacibliyi vurğulanıb.

Ölkələrimizin regional və beynəlxalq təşkilatlarda, o cümlədən BMT, MDB, Qoşulmama Hərəkatı çərçivəsində sıx əməkdaşlıq etdiyi və bu təşkilatlar daxilində qarşılıqlı dəstəyin davam etdirilməsinin vacibliyi qeyd olunub.

Səfir Dmitri Pineviç ölkəmizdə diplomatik missiyasına başlamaqdan məmnunluq duyduğunu ifadə edib. O, iki ölkə arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün səylər göstərəcəyini qeyd edib.

Görüş çərçivəsində, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

Baxış sayı: 3 012

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]