
Noyabr ayının 25-də Efiopiyanın paytaxtı Əddis-Əbəbədə Azərbaycan iş adamlarının iştirakı ilə Afrikada ilk Biznes Forum keçirilib. Tədbir AFAZ-ın (Africa-Azerbaijan Cooperation) təşkilatçılığı və Azərbaycanın Efiopiyadakı səfirliyinin dəstəyi ilə baş tutub və iki ölkə arasında ticarət-investisiya əlaqələrinə yeni dinamika verib.
Forumun açılışında səfir Ruslan Nəsibov, Efiopiya Xarici İşlər Nazirliyinin Biznes Diplomatiyası üzrə baş direktoru Yohannes Fanta, Efiopiya Ticarət və Sahəvi Assosiasiyalar Palatasının vitse-prezidenti Sebsib Abafira Abajobir və Əddis-Əbəbə Ticarət Palatasının baş katibi Meseret Molla Kassahun çıxış ediblər.
Forumun ən önəmli məqamlarından biri "166 Global Logistics"in Afrikada memorandum imzalayan ilk Azərbaycan logistika şirkəti olmasıdır. Şirkət Efiopiyanın yükdaşıma sektorunu təmsil edən "Ethiopian Freight Forwarders" and "Shipping Agents Association" (EFFSAA) ilə əməkdaşlıq memorandumu imzalayaraq logistika və multimodal nəqliyyat sahəsində strateji tərəfdaşlığın əsasını qoyub.
Bundan əlavə, şirkətin nümayəndələri Azərbaycanın Efiopiyadakı səfirliyində səfir Ruslan Nəsibovla görüşərək Efiopiya bazarında planlaşdırılan layihələr və gələcək əməkdaşlıq imkanlarını müzakirə ediblər. Bu addım iki ölkə arasında iqtisadi əlaqələrin genişlənməsinə mühüm töhfə verir.



























